69-cu əfv və “ömürlük”lər məsələsi

69-cu əfv və “ömürlük”lər məsələsi Novella Cəfəroğlu: “Elçinin başının yarısı plastmasdır, ondan cəmiyyətə nə zərər gələcək ki?”

Müstəqillik Günü (28 may) ərəfəsində əfv sərəncamının imzalanacağı anonsu verilib. Prezident yanında Əfv Məsələləri Komissiyasının 2024-cü ildə ilk iclası da keçirilib. İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Komissiya qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, “ömürlüklər”lə və s. bağlı müraciətlərə baxacaq.

İlk iclasda 100-dən artıq müraciətə baxılıb, ümumilikdə gərgin və məhsuldar müzakirələr aparılıb.

Qeyd edək ki, əfv prezidentin səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək; cəza müddətini azaltmaq; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur.

Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir. Üzvlər bu şəxslərdir: Fuad Ələsgərov, Gündüz Kərimov (Prezident Administrasiyasının şöbə müdirləri), Fərid Əhmədov (ədliyyə naziri), Vilayət Eyvazov (daxili işlər naziri), Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Allahşükür Paşazadə (şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına Liseyin direktoru).

Hazırda əfv öncəsi cəmiyyətin ən çox diqqət yetirdiyi məhbuslar sırasında ömürlüklər öndə gəlir. Ömürlüklər dedikdə isə artıq 30 ilə yaxındır həbs cəzası çəkən keçmiş OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, 21 il həbsdə olan, “Qarabağ partizanı” adı ilə məşhurlaşan Məmməd Məmmədov daha çox göz önünə gəlir. Bu şəxslərin hər biri həbsxanada ağır xəstədir. Xüsusilə “Qarabağ partizanı”nın durumu daha acınacaqlıdır. Onun anası ölüm ayağındadır və kimsəsiz yaşayır. Bütün bu amilləri nəzərə alaraq, indiki vəziyyətdə belə bir humanist addımın atılmasına, onların azad olunmalarına böyük ehtiyac yaranıb.

69-cu əfv və “ömürlük”lər məsələsi

Novella Cəfəroğlu

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu Əfv Komissiyasına müraciət etdi: “Monitorinq qrupu olaraq əsas istəyimiz odur ki, böyük bir əfv sərəncamı verilsin, eyni zamanda amnistiya aktı da qəbul olunsun. Burada təkcə siyasi məhbusları önə çəkmək də doğru deyil. O qədər azad olunmalı insanlar var ki... Bu qədər uğur qazandığımız, bayram tonqalımızı Xankəndi və digər azad etdiyimiz ərazilərdə yandırdığımız illərdə bu cür problemləri müzakirə etməməliyik. Həbsdəki siyasi motivli bütün insanlar azad olunsa, bu ancaq xeyrimizə olardı. Bu gün millət olaraq, tam şəkildə birlikdə olmağın zamanıdır. Çünki sərhədlərimizə Fransa başda olmaqla, bəzi Avropa ölkələri qoşun göndərmək istəyir. Erməni təhlükəsi də davam edir. Belə bir vəziyyətdə bir yerdə olmağımız olduqca vacibdir. Bu millətə doğru istəkli addım atanda o, hər zaman dövlətinin yanında olar. Onsuz da xalqımız dövlətinin yanındadır. Bunu son illərdə sübut etdi. Bütün bunların fonunda dediyimiz kimi, belə problemlər müzakirə olunmamalıdır. Özümüzü hamıdan qorumalıyıq. Hər zaman olduğu kimi, əfvlə bağlı ümidlərimiz böyükdür. Bizim də təbii ki, siyahımız var. Siyahımızda ömürlük OMON-çular da, "Qarabağ partizanı" Məmməd də, “Qaranquşlar” da var. İnanclı insanların da azad olunmasını çox istərdik. Hər bir evdə bayram olsun. İndiki vəziyyətdə heç bir yerdən təpki gəlməməlidir. Düzdür, belə təpkilər mənasızdır. Amma yenə də kimlərəsə bəhanə verməməliyik. Onsuz da həbsdəki ömürlüklər xəstədirlər. Heç olmasa, azadlıq havasını ömürlərinin bundan sonrakı hissəsində udsunlar. Qarabağ döyüşlərində onlar iştirak ediblər. Elçinin başının yarısı plastmasdır. Onlardan cəmiyyətə nə zərər gələcək ki? İndi çox ümid edirik ki, ən nəhayət, biz onları azadlıqda görə biləcəyik. Bunun üçün Əfv Komissiyasından da xahişimiz var ki, yekun siyahıda onların da adı yer alsın. Bu, onların azad olunmasına böyük töhfə verərdi. Düzdür, əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Amma biz cənab Prezidentin hər zaman humanistliyinin şahidi olmuşuq. Əmin olun ki, siyahıda onların adları verilsə, azad olunarlar".

69-cu əfv və “ömürlük”lər məsələsi

Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “ömürlük”lərin azad edilmələrini çox vacib sayır: “Görün neçə vaxtdır ki, onlar həbsdədir. Ömürlərinin böyük hissəsi orada keçdi. Onların artıq azadlığa buraxılmalarına çox böyük ehtiyac duyulur. Düşünürəm ki, bu komissiya humanist qərar qəbul edəcək. Onlar cəzalarını artıqlaması ilə çəkiblər. Burada əsas olan komissiya üzvlərinin humanist addım atmalarıdır. Doğrudur, əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Amma əfv üçün olan siyahıya komissiya üzvlərinin onların da adlarını salmaları bu yolda ən mühüm addım olardı. Bu, həmin şəxslərin azadlığa çıxmalarına böyük kömək olardı. Onlar da azad edilmiş torpaqlarımızı görməlidirlər. O torpaqlar uğrunda I Qarabağ savaşında döyüşüblər. Heç olmasa ömürlərinin qalan hissəsini torpaqlarını azad etmiş Azərbaycanda yaşasınlar”.

69-cu əfv və “ömürlük”lər məsələsi

Əliməmməd Nuriyev

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev komissiyada hər bir müraciətin çox obyektiv şəkildə araşdırıldığını qeyd etdi: “Əfv Komissiyasında geniş müzakirələr davam edir. Hər daxil olan müraciət obyektiv şəkildə araşdırılır. Hər bir komissiya üzvü tərəfindən müvafiq fikirlər söylənilir. Yekun qərar isə səsvermə vasitəsilə qəbul olunur. Yeri gəlmişkən, qeyd edim ki, Əfv Komissiyasında çox işgüzar bir mühit var. Komissiya sədri hər bir şəxsi diqqətlə dinləyir. Müstəqillik illərimiz ərzində 69 əfv sərəncamı verilib. Bunun 33-ü Ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Azərbaycanda əfv institutunun əsasını Ulu öndər qoyub. Hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən 36 əfv sərəncamı imzalanıb. Cənab Prezidentin fəaliyyətində humanizm, mərhəmət əsas prinsiplərdəndir. Verilən əfv sərəncamlarında biz bunun şahidi olmaqdayıq. Ölkəmizdə əsas olan insan hüquq və azadlıqlarının qorunmasıdır. Əfv Komissiyasının iclaslarına start verməsi cənab Prezidentin bu siyasətinin dayanıqlı, davamlı olduğunun göstəricisidir. Bu iclaslar o zaman başa çatacaq ki, daxil olan müraciətlər hərtərəfli araşdırılsın, müvafiq rəylər hazırlanıb, cənab Prezidentə təqdim olunsun. Ona görə də iclasların nə vaxta qədər davam edəcəyini indidən söyləmək çətindir. Bu, daxil olan müraciətlərdən asılıdır. Cənab Prezident tərəfindən indi və gələcəkdə imzalanacaq əfv sərəncamları məhkumlara yeni bir şans verir. Yeni həyatda yeni səhifədən yaşamaq imkanı qazanırlar. Bundan öncəki əfv sərəncamlarının cəmiyyət tərəfindən necə alqışlandığını gördük. Növbəti əfv sərəncamlarında da biz bunun şahidi olacağıq. Bu, minlərlə insanın, onların ailələrinin, yaxınlarının sevinci deməkdir. Əfv komissiyasının üzvləri əfv məsələlərinə çox həssaslıqla yanaşırlar. Buna hər kəs əmin olsun. Cənab Prezident tərəfindən komissiya üzvlərinin təyin edilməsi hər bir üzv üçün böyük məsuliyyətdir. Ona görə də, bu məsələyə cavabdehlik və məsuliyyətlə yanaşılmalıdır. İnanıram ki, növbəti əfv sərəncamı da yüzlərlə ailənin sevincinə gətirib çıxaracaq”.

Cavanşir ABBASLI

Tehsil-press.az

Oxşar xəbərlər