Leyla Abdullayevadan Fransadakı tələbələrə çağırış

Leyla Abdullayevadan Fransadakı tələbələrə çağırış Fransanın paytaxtı Parisdə bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin forumu keçirilib.

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən forumda səfir Leyla Abdullayeva, eləcə də Paris və digər şəhərlərdəki ali təhsil ocaqlarında süni intellekt, kibertəhlükəsizlik, kimya mühəndisi, xarici dillər, kommunikasiya və digər peşələr üzrə təhsil alan yüzdən artıq azərbaycanlı tələbə iştirak edib.

Tədbirdə çıxış edən səfir L.Abdullayeva tələbələrə Azərbaycanın yerləşdiyi regionun mürəkkəb geosiyasi mövqeyi haqqında məlumat verib, qadın hüquqlarına toxunub.

Səfir Fransada Azərbaycan haqqında yanlış, reallıqdan kənar məlumatların yayılmasına təəssüf edib. L.Abdullayeva tələbələri oxuduqları təhsil ocağında Azərbaycan barədə həqiqətləri çatdırmağa dəvət edib.

Forum çərçivəsində Fransada doktorantura üzrə təhsili alan azərbaycanlı tələbələr Kübra Bayramova, Səid Paşayev, Ülvi Bağıyev "Yaşıl dünya naminə həmrəylik" mövzusu üzrə təqdimatlar ediblər. Onlar qlobal istiləşmə, havaya buraxılan karbonun həcmi və iqlimə təsiri, Azərbaycanın karbon siyasəti, "Yaşıl dünya" naminə atılan addımlar barədə danışıblar."Report"

Tehsil-press.az

Oxşar xəbərlər