Ermənistanın Azərbaycana qarşı nüvə silahı ilə təhdidi İtaliya məbuatında

Ermənistanın Azərbaycana qarşı nüvə silahı ilə təhdidi İtaliya məbuatında Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü Qrant Baqratiyanın Ermənistanın nüvə silahına sahib olması və ondan təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamalarından irəli gələrək İtaliyanın "Notiziegeopolitiche" analitik-informasiya portalında tədqiqatçı-jurnalist Culiano Bifolkinin məsələyə dair apardığı araşdırmalarına dair məqaləsi dərc olunub. (http://www.notiziegeopolitiche.net/?p=62864).
Tehsil-press.az-ın "Notiziegeopolitiche" portalına istinadən verdiyi məlumata əsasən, məsələnin araşıdırılması üçün müəllifin Ermənistanın İtaliyadakı Səfirliyinə ünvanldadığı suala cavab olaraq səfirlik Baqratiyanın fikirlərinə şərh vermək istəməyib, lakin istənilən Ermənistan vətəndaşının ölkənin milli təhlükəsizliyi ilə bağlı fikirlərini söyləməkdə azad olduğunu deyib. Azərbaycanın İtaliyadakı Səfirliyi isə mövzuya münasibətdə Azərbaycanın beynəlxalq ictimaiyyəti dəfələrlə Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru barədə məlumatlandırdığını və xəbərdar etdiyini bildirib. Əsas narahatlıq Ermənistanda fəaliyyət göstərən Metsamor atom elektrik stansiyasının qurğularının köhnəlməsi və baxımsız halda olmasından irəli gəlir və buna görə Azərbaycan tərəfi bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində bağlanmasına ehtiyac olduğunu deyir.
Müəllif məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində səsləndirdiyi fikirlərə də yer verərərək Azərbaycan Prezidentinin öz nitqində Ermənistan ərazisindəki Metsamor stansiyasının 1976-cı ildə Çernobılda istifadə edilmiş texnologiya əsasında və seysmik ərazidə tikildiyi, hazırda bu stansiyanın təhlükəli vəziyyətdə olduğuna toxunduğunu qeyd edib.
Müəllif son dövrlərdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalıçılığında tez-tez hallanmasından da danışıb. Bununla bağlı, müəllif Ermənistanın hüquq müdafiəçisi Armine Sahakyanın fikirlərinə istinad edərək bildirib ki, erməni nüvə qaçaqmalçıları bu məqsədlə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstandan istifadə edirlər. Məsələnin yalnız regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid olmasını nəzərə alaraq, ABŞ Gürcüstan hökumətinə nüvə və radioaktiv materialların qaçaqmalçılığının qarşısının alınması məqsədilə 50 milyon dollar yardım edib. Məhz bu tədbirlər nəticəsində son dövrdə Gürcüstanda bu istiqamətdə fəaliyyət təkmilləşmiş və erməni qaçaqmalçıların həbsi mümkün olub. Müəllif qeyd olunan bu faktların Metsamor stansiyasının fəaliyyətindən irəli gələrək Ermənistanda nüvə istehsalının olduğunu göstərdiyini, habelə bu ölkədə nüvə materiallarının qaçaqmalçılığının artmasının yalnız regional yox, habelə beynəlxalq səviyyədə təhlükəsizliyə təhdid olduğunu bildirib.
Sonda G.Bifolki bildirmişdir ki, Baqratiyanın açıqlamaları parlamentin üzvü olan bir şəxsin azad fikirləri olsa da, keçmişdə baş nazir olmuş bir şəxsin fikirlərinin çəkisinin olduğunu da nəzərə almaq lazımdır. Bu fikirlər hazırda vəziyyətin daha da gərginləşdiyi Qafqaz kimi bir bölgədəki təhlükəsizlik məsələlərinə diqqətin yönəldilməsini tələb edir. Xüsusilə də Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq hesabatlarını nəzərə alaraq, erməni siyasətçinin açıqlamaları beynəlxalq terrorizm problemi kontekstində Avropanı da maraqlandıra bilər. Sonda müəllif qeyd etmişdir ki, bu problemin nizamlanması üçün konstruktiv diplomatiya vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq lazımdır.


Tehsil-press.az

Oxşar xəbərlər