Hüseyn yalançı İŞİD-çinin əlindən necə xilas oldu? - Film kimi hadisə+Fotolar

Hüseyn yalançı İŞİD-çinin əlindən necə xilas oldu? - Film kimi hadisə+Fotolar Xəbər verdiyimiz kimi, özünü İŞİD-çi kimi təqdim edən şəxs 8 yaşlı Hüseyn Ramazanlını oğurlayıb.

"Qafqazinfo"nun əməkdaşları hazırda məktəblinin yaşadığı ünvanda Sabunçu rayonunda yerləşən Şuşa şəhərciyindədirlər.
Hüseyn və atası Elnur Ramazanlı polis bölməsində ifadə verdikləri üçün evdə olmayıblar. Anası Ramilə və nənəsi hadisə barədə danışmaq istəmədiklərini bildiriblər. Nənəsi sadəcə uşağın evin qarşısından, darvavazanın yanından oğurlandığını deyib.
Hüseynin atası Elnur ifadə verdikdən sonra mediaya danışacaqlarını deyib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağı ilə hədələyib.
Qonşuların verdiyi məlumata görə, uşağı atası özü tapıb. Qonşuluqda yaşayan Ülvü adlı uşaq Hüseyn itdikdən sonra atası Elnura deyib ki, bir neçə gün əvvəl onu da tanımadığı bir adam aldadaraq yad bir yerə aparıb. Qonşu uşaq Hüseyndən bir neçə yaş böyük olub. O, Hüseynin tapıldığı yarımçıq tikilidən geri qayıdıbmış. Hüseynin atası Elnur qonşu uşağın göstərdiyi tikiliyə gedib və öz oğlunu orda tapıb.
Atası qonşulara bildirib ki, Hüseynin olduğu ikinci mərtəbəyə pilləkən olmayıb. Güman ki, bunu uşaq oradan qaçmasın deyə ediblər və Hüseyn orda tək olub. Onu qaçıran adam tikilidə olmayıb. Uşağı atası Elnur, onu oğurlayan Elnuru (Məmmədov) isə polis tapıb.
Uşağı qaçıran şəxslə əlaqə saxlanılıb və istədiyi pulun ona veriləcəyini bildirib. Çantaya kağız və karton yığılıb, Hüseynin atası pulu verən an əməliyyatçılar uşaq oğrusunu saxlayıb.
Hüseynin oğurlanması haqda atası belə deyib: “Uşaq evlərindən bir az aralıda küçə ilə gedərkən həmin şəxs ona yaxınlaşıb və Hüseyni futbol klubuna qoymaq istədiyini deyib. Sonra isə ona top vermək istədiyini və bunun üçün onunla bir yerə getməli olduğunu deyib. Hüseyn buna inanmadıqda, telefonu qulağına tutaraq guya mənimlə danışırmış kimi edib. Sonra isə uşağa "atanla danışdım, razıdı" deyib və uşaq da ona inanıb”.
Görünən budur ki, uşaq oğrusu bunu xeyli əvvəldən planlaşdırıb və təxminən bir həftə əvvəl qonşu uşağı öz toruna salmağa cəhd edib. Bundan başqa, Hüseynin yaşadığı evin qapısının üstündə dini kəlam həkk olunması, uşaq oğrusunun özünü "İŞID"çi kimi təqdim etməsi də diqqət çəkir. Qeyd edək ki, Hüseynin atası Elnur Ramazanlı və babası Hüseyn "SOCAR"ın əməkdaşlarıdır.
"Qafqazinfo"nun əməkdaşları uşağın saxlanıldığı iki mərtəbəli tikiliyə də baş çəkiblər.
Hüseynin saxlandığı villa qəsəbənin kənarında, ucqar hissədə yerləşir. Həmin villadan sonra otlaq sahələri başlayır. Villa isə Gədəbəy rayon sakininə məxsusdur. Hələ tam formada tikilib qurtarmayıb. Taxta materiallardan düzəldilmiş pilləkən və heç bir yerə bərkidilməyən nərdivanla ikinci mərtəbəyə çıxmaq mümkündür. Hüseyn isə ikinci mərtəbədə sol küncdə 2 kvadratmetr yerdə saxlanılıb. Orada isə təmir zamanı dayaq kimi istifadə olunan boş çəllək və taxta birləşmə var. Yerə dağılan günəbaxan tumları isə uşaq oğrusunun orada qısa vaxt keçirtmədiyini bəlli edir. Biz 9 yaşlı uşağın girov kimi qaldığı villadan geri qayıtdığımızda balaca Hüseyn və atası artıq evlərinə gəldilər. Ailə isə hələ də danışmamaqda israrlı idi..


Tehsil-press.az

Oxşar xəbərlər