Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində maarifçi Qurbanəli Şərifzadənin ailəsində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra əmək fəaliyyətinə başlamışdır.
"Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illərində Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri qurmuşdur, bu da onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır.
Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.
Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir. Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.
Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur.
Kitabları:
1. Sabir bu gün.
2. Molla Nəsrəddin (C.Məmmədquluzadə).
3. Рождение Молла Насреддина.
4. Вагиф – певец любви и красоты.
5. Литературы народов СССР.
6. Keçmiş günlərdən.
7. Литература народов Закавказя.
8. Keçmiş günlərdən, Atam və mən.
9. Molla Nəsrəddin necə yarandı?
Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.
Allah rəhmət eləsin! Amin!
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət”
Tehsil-press.az