
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova ölkəmizdə olan iqlim qurşaqlarından söz açıb. Qeyd edib ki, Azərbaycanda hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən Milli Hidrometeorologiya Xidməti ictimaiyyətin məlumatlar ilə daimi təmin edilməsi və təhlükələrin qarşısının öncədən alınması işini həyata keçirir.
BDU THİK-in sədri Zöhrab Cavadzadə iqlim dəyişikliklərinə qarşı mübarizənin əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin ekoloji şüurunun formalaşması cəmiyyətin davamlı inkişafı baxımından xüsusi önəm daşıyır.
Sonra çıxış edən Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin baş mütəxəssisi Röya Əfəndiyeva, Dəniz Mərkəzinin direktoru Həsən Musayev, Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Ruslan Qədirov tələbələrə iqlim dəyişikliklərinin Azərbaycanda və dünyada yaratdığı fəsadlar, Xəzər dənizinin hidrometeoroloji vəziyyəti, hava proqnozlarının hazırlanması və ötürülməsi kimi mövzularda ətraflı məlumat veriblər.
Sonda tələbələr Xidmətin Situasiya Mərkəzi ilə tanış olublar. Onlara burada real vaxt rejimində hava şəraitinin necə analiz olunaraq proqnozlaşdırıldığı əyani şəkildə göstərilib.
Tehsil-press.az