BDU-da üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya

BDU-da üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib.

BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Mərkəzin əsas fəaliyyət istiqamətləri barəsində məlumat verib. Bildirib ki, Mərkəzin məqsədi tələbələrə karyera xəritələrinin hazırlanmasında dəstək olmaq, onları əmək bazarına yararlı yüksəkixtisaslı kadr kimi yetişdirmək, müxtəlif sahələr üzrə dövlət və özəl tərəfdaşlığını təmin etməkdir. “Maarifçi” tələbə-məzun təcrübə proqramı da tələbə və məzunlar üçün yaradılan belə şəraitlərdən biridir.

Elm və Təhsil Nazirliyinin əməkdaşları - Məktəbəqədər və ümumtəhsil şöbəsinin məsləhətçisi, “Maarifçi“ tələbə-məzun təcrübə proqramının icraçısı Tünzalə Vəliyeva, BDU məzunları, əvvəlki “Maarifçi” tələbə-məzun təcrübə proqramlarının qalibləri, Elm, ali və peşə təhsili şöbəsinin mütəxəssisi Arzu Gülməmmədova, Strateji planlaşdırma və təhlil şöbəsinin mütəxəssisi Cavid Bağırov, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin mütəxəssisi, II “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibi Səma Əliyeva proqram ilə bağlı ətraflı məlumat veriblər.

4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçıların Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəyini deyən qonaqlar qeyd ediblər ki, bu proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar üçün nəzərdə tutulub.

Həmçinin bildirilib ki, tələbə-məzun təcrübə proqramı iştirakçılarının 73 %-ni qadınlar, 27%-ni isə kişilər təşkil edir. Qalib olan “Maarifçi”lər arasında BDU-nun tələbə-məzunları çoxluq təşkil edir.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər