
Təhsil İnstitutunun yaydığı məlumata görə, bu il yalnız 6-cı sinif şagirdləri (yəni 7-ci sinfə qəbul) bu imkandan yararlana biləcək.
Bu dəyişiklik övladları digər siniflərdən liseylərə hazırlaşan valideynlərin narazılığına səbəb olub. Qeyd olunur ki, əvvəlki illərdə lisey və gimnaziyalara 4, 5, 7 və 8-ci sinif şagirdləri də qəbul edilirdi. Bu siniflərdən olan çox sayda şagird builki qəbul üçün hazırlıq prosesi keçib.
Məsələ ilə bağlı Təhsil İnstitutundan Teleqraf –ın sorğusuna cavab olaraq bildirilib ki, qərar qurumun diqqətindədir və bu barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bu qərar tədris ilinin əvvəlindən verilsəydi, daha doğru olardı.
"Tədris ilinin əvvəlindən belə qərarın alınması və elan olunması vacib idi. Artıq şagirdlər eyni zamanda valideynləri hazırlıq prosesinə qoşulublar. Şagirdlər 9 və 10 aydır liseyə qəbul olmaq üçün müvafiq hazırlıq keçirlər. İndi isə qərar qəbul olunub ki, yalnız 6 və 7 siniflər lisey və gimnaziyalara qəbul aparılacaq. Bu birmənalı qarşılanmayıb. Fikrimcə, bu qərar növbəti tədris ilindən tətbiq edilsəydi daha məqsədəuyğun olardı.
Hazırda lisey və gimnaziyalara qəbul mərhələsidir. Qərarı indi açıqlamaqla insanların aylardır çəkdikləri əziyyəti itirmiş olurlar. Hətta bəzi ailələr yaşadıqları ərazini dəyişməyi planlaşdırmışdılar. Bu dəyişiklik şagirdlərdə motivasiya itkisinə də səbəb ola bilər. Qərar alınarkən bu amillər nəzərə alınmalı idi”.
Tehsil-press.az