
Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.
Əlinin anası Günel xanım Musavat.com-a bildirib ki, oğlunun yüksək bal toplayacağını əvvəlcədən gözləyirmişlər: “Birinci imtahanda bir az həyəcanlı olduğu üçün sürüşdürmə etmişdi. Buna görə də 300 deyil, 290 bal topladı. 700 balı toplayacaq şagird idi. Kiçik yaşlarından yaxşı oxuyurdu. Sınaqlarda da yaxşı nəticə göstərirdi. Mən də onunla bərabər oxumuşam, bu illərdə birgə zəhmət çəkmişik.
Oğlum 700 bal toplamadığı üçün bir az pis olub, amma çox sevinir. Əli ailəmizin ilk övladıdır. Hansı ixtisası seçəcəyini dəqiqləşdirməmişik. Hüquqşünas olmaq istəyir. Buna uyğun olaraq universitet seçəcəyik”.
Çiçək Hümmətlinin xalası da Musavat.com-a danışıb. O bildirib ki, bacısı qızı 700 bal toplayacağını gözləyirmiş: “Çiçəyin gecəsi-gündüzü yox idi. 700 bal uğrunda mübarizə aparırdı. O, indiyə kimi bir dəfə 4 qiyməti alıb. Qarşısına məqsəd qoymuşdu ki, BDU-nun hüquq fakültəsində təhsil alacaq və prezident təqaüdçüsü olacaq. O da atası kimi hüquqşünas olacaq. Atasının yolunu davam edəcək”.
Tehsil-press.az