"Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarına cavab verən mühüm sənəddir"

Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə rəsmi Bakının milli maraqlarımızın müdafiəsinə əsaslanan çox şaxəli siyasətinin növbəti nümunəsi hesab oluna bilər. Bəyannamənin imzalanana qədər müxtəlif mülahizələr, iddialar səsləndirilir, məsuliyyətsiz bəyanatlar verilirdi. Hərçənd, Bəyannamədə əks olunan məsələlər bu iddiaları alt-üst etdi və bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Vətəninə baglı lider olaraq Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətində dərin strategiya həyata keçirir.
43 bənddən ibarət olan Bəyannamə Azərbaycan və Rusiya münasibətlərinin inkişafında yeni mərhələ açır. Bu, Bəyannamə regionun gələcəyi, eləcə də Vətən müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi post-münaqişə gündəliyinin icra edilməsi baxımından olduqca xüsusi əhəmiyyətə malikdir.
Müttəfiqlik sənədində 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il razılaşmalarının bütün bəndlərinin icrasının vacibliyi öz əksini tapır. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası da daxil olmaqla yekun sülh sazişinin imzalanması məsələsində Bakı və Moskva “saatlarını eyniləşdirir”.
Bu Bəyannamə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “Rusiya müttəfiqliyi” kartının da əlindən çıxması deməkdir. Belə demək mümkünsə, Rusiya Azərbaycan və Ermənistana münasibətdə neytral mövqeyini rəsmiləşdirdi. Bəyannamənin 10-cu bəndində də qeyd olunur ki, “tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün əldə edilməsi üçün sıx əməkdaşlıq edəcəklər”.
Beləliklə, Azərbaycan-Ermənistan münasibətlərində yekun sülh sazişinin imzalanması prosesində Rusiya da aktiv şəkildə qoşulur.
Bəyannamənin imzalanmasından sonra regionda post-münaqişə dövründə əldə olunan razılaşmaların icrasının sürətlənəcəyini görə biləcəyik.
Ümumilikdə, Bəyannamə Azərbaycanın milli maraqlarına cavab verən mühüm tarixi sənəd hesab oluna bilər. Türkiyə ilə müttəfiqlik münasibətlərini rəsmiləşdirən Azərbaycan Rusiya ilə də eyni addımı atdı və bununla bölgədə post-münaqişə dövrünün əsas oyunçuları olan Azərbaycan, Türkiyə və Rusiyanın regionun gələcəyinin inşa edilməsi istiqamətində daha sıx əməkdaşlıq etməsi imkanları genişləndi.

Rəşad Mahmudov,
Millət vəkili

Oxşar xəbərlər