Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu Uşaq deyilsən, amma böyük də olmamısan…

…O, günlərin bir günü otağının qapısını möhkəmcə çırpdı. Səsi hələ də divarlarda səslənirdi, amma heç kim onu eşitmirdi. Qışqırmaq istəyirdi:“məni anlayın!”, amma səsi içində ilişib qalmışdı. O, sadəcə özü olmaq istəyirdi. Bəlkə bir az fərqli, bəlkə də bir az qəribə. Amma olduğu kimi. Qəribə burasındadır ki, valideynləri onu heç cür anlaya bilmirdi, onu tərbiyə etmək istəyirdilər. O bir yeniyetmə olaraq sadəcə anlaşılması və öz bildiyi doğrularla yaşamaq istəyirdi…

Bəli, söhbət yeniyetməlik dövründən gedir. Yeniyetməlik yaşında şəxsiyyətin inkişafı, bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münsibətlərin meydana gəlməsi, özünüqiymətləndirmənin formalaşması, mənlik şüurunun daha da inkişaf etməsi və s. cəhətlər təzahür edir. Yeniyetməlik insan həyatında daxili aləmin zənginləşdiyi və “mən kiməm?” sualının daha çox səsləndiyi bir mərhələdir. Bu dövrdə uşaqlar yalnız fiziki deyil, psixoloji olaraq da böyüməyə başlayırlar. Onlar artıq valideynlərinin, müəllimlərinin və ümumiyyətlə, böyüklərin düşüncə və qərarları ilə tam razılaşmaq istəmir, öz fikirlərini ifadə etmək, sərbəst davranmaq, cəmiyyət içində fərq edilmək istəyirlər. Və bu mərhələ insan həyatının sanki iki dünyanın arasında ilişib qaldığı bir dövrüdür: uşaq deyilsən, amma böyük də olmamısan. Daxildə hər bir kəslə sanki mübarizə aparmaq ruhu, ətrafdakılar tərəfindən başa düşülməzlik, içində partlayan suallar, dinlənilməyən fikirlər, görünməyən arzular…

“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Bakı Dövlət Universitetinin psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova ilə söbətləşib.

Yeniyetməlik dövrü-uşaqlıqdan gəncliyə

Kamilə xanım deyir ki, yeniyetməlik dövrü adətən 10-11 yaşdan 14-15 yaşadək müddəti, orta məktəbin V-VII sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya və ya bitə bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji təbəddülatları ilə nəzəri cəlb edir:
“Bu mərhələdə uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır. Sual oluna bilər ki, bəs yeniyetməlik dövründə baş verən dəyişikliklər özünü nədə göstərir?

Hər şeydən əvvəl, uşaq məktəbdə yeni şəraitə düşür, təlim materialı və dərsdə təlim işinin formaları mürəkkəbləşir, yeniyetmənin öz yaşıdları və yaşlılar ilə ünsiyyəti, habelə məktəbdənkənar fəaliyyət növləri sahəsində əməli təcrübəsi xeyli genişlənir. Həmin şərait isə yeniyetmələrdə yaşlılarla münasibətdə yeni mövqe tutmaq, hərəkətlərində daha çox müstəqillik və sərbəstlik, öz yaşıdları ilə ünsiyyətində müəyyən yeniliklər yaratmaq meylinin meydana gəlməsinə səbəb olur. İkincisi, yeniyetmənin tələbləri onun həyat təcrübəsi və ixtiyarında olan müstəqillik imkanı ilə müqayisədə xeyli irəli gedir. O, həyat tərzini heç də öz imkanlarına müvafiq deyil, onlardan xeyli geniş şəkildə qurmağa can atır. Buna görə də bir tərəfdən yeniyetmənin müstəqilliyə olan hədsiz meyli müəyyən qədər məhdudlaşdırılmalı, digər tərəfdən isə onlarda böyüməyə olan tələbat durmadan inkişaf etdirilməlidir. Məktəblərdə şagirdlər elə mürəkkəbləşən fəaliyyət növlərinə cəlb edilməlidir ki, bu proses, onlarda çatışmayan müstəqillik, özünü tənzimetmə və özünənəzarət vərdişlərini formalaşdıra bilsin. Üçüncüsü, yeniyetməlik dövrü təlimin bu və ya digər növünə yiyələnmək üçün zəruri olan senzitivlik, həssaslıq və yüksək qavrama qabiliyyəti kimi keyfiyyətləri ilə diqqəti cəlb edir. Uşaqlar bu dövrdə təlim fəaliyyətinin bütün növlərini dərk etməyə, dərs zamanı müstəqil iş formalarını həyata keçirməyə hazır olurlar, məktəbdənkənar vaxtlarda öz idrak fəaliyyətini tənzim etmək imkanına yiyələnirlər”.
Həmsöhbətimiz deyir ki, yeniyetməlik dövrunu “keçid dövrü” (uşaqlıqdan gəncliyə), “çətin dövr” (müəllim və valideynlər üçün), “dönüş dövrü”, hətta “böhran dövrü” belə adlandırılır. Uşaq öz həyatının bir mərhələsindən digərinə, uşaqlıqdan yaşlılığa keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf həm surətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Əgər dördüncü sinif şagirdi ilə səkkizinci sinif şagirdini müqayisə etsək, görərik ki, bu qısa müddət ərzində uşaq fiziki, əqli, əxlaqi və ictimai-sosial baxımdan nə qədər böyümüş olur. Əlbəttə, bu böyümə hələ əsl və tam xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur.

Özünüifadə etmək zəruriyyəti

Kamilə Kazımovanın fikrincə, yeniyetmənin özünüifadə ehtiyacı, onun kimliyini cəmiyyətə tanıtmaq, hisslərini, düşüncələrini, istəklərini açıq şəkildə ortaya qoymaq istəyindən doğur. Bu, rəsm çəkmək, yazmaq, geyim tərzini fərqləndirmək, musiqi ilə maraqlanmaq, sosial şəbəkələrdə paylaşım etmək kimi müxtəlif formalarda təzahür edə bilər. Bu tələbat qarşılanmadıqda yeniyetmə ya özünə qapanır, ya da aqressiv və üsyankar davranışlar nümayiş etdirir. Əslində, bu davranışların kökündə çox vaxt “onu başa düşmək, anlaşılmaq” istəyi dayanır.

Valideyn və müəllimlər tərəfindən bu ifadə formasına qarşı mənfi reaksiya göstərildikdə, yeniyetmə ya inamını itirir, ya da daha sərt şəkildə özünü təsdiq etməyə çalışır. Halbuki ona söz haqqı verilsə, fikrinə hörmətlə yanaşılsa, o da özünü ifadə etməyi öyrənər və cəmiyyətə daha sağlam bir şəxsiyyət kimi daxil olar.

Bəs nə üçün bu dövr yaş psixologiyasında başqa cür deyil, məhz yeniyetməlik mərhələsi adlanır?

Psixoloq deyir ki, məhz həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişkənliklər, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər - şıltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, ünsiyyət qurmaqdan qaçmaq və bu kimi keyfiyyətlər meydana gəlir. Bu zaman valideyn uşaqla “ümumi dil” tapmaqda çətinlik çəkir, eyni zamanda uşağı cəzalandırmaq da qətiyyən səmərə vermir. Yeniyetmə get-gedə valideynlərindən uzaqlaşaraq özünə qapanır.
Yeniyetmə özünü ifadə etməyə və azadlıq istəməyə başlayırsa, bu, onun şəxsiyyətinin strukturunda baş verən dəyişiklikdir. Həmin dövrdə valideynlər və müəllimlər onun bu ehtiyaclarını inkar etməli deyil, əksinə, düzgün yönləndirməlidirlər.

Valideynlər və müəllimlər bilməlidirlər ki…

Kamilə xanımın sözlərinə görə, valideynlər çox vaxt yeniyetmələri anlaya bilmirlər və onlarla uşaq kimi davranırlar. Əslində həmin dövrdə nə baş verir? Uşaq yeniyetməlik mərhələsinə qədəm qoyan andan etibarən hər şey dəyişir. Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərdən biri uşağın özünü dərk etməsinin inkişafında keyfiyyətli irəliləyiş baş verməsindən ibarətdir. Məhz buna görə də yeniyetmə özünü artıq heç də uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ gəlir ki, ətrafdakı adamlar ona uşaq deyil, yaşlı adam kimi yanaşsınlar.Valideyn bilməlidir ki, artıq övladı bu yaşda dəyişiklik mərhələsinə daxil olur. Əgər valideyn yeniyetməlik dövrü haqqında ətraflı informasiyaya malik olmasa, övladında baş verən psixoloji və emosional dəyişikliklərin fərqinə varmayacaq.

Bu dəyişiklikləri başa düşmək üçün valideynlər ədəbiyyat oxuya, etibarlı informasiyalarla tanış ola, həmçinin ailə psixoloqu və ya məktəb psixoloqu ilə övladında gedən əsaslı dəyişikliklərlə bağlı fikir mübadiləsi apara bilərlər. Əks halda, onlar övladında narahatlıq, gərginlik yarandıqda bunun səbəbini və uşağın yaşadığı böhranı düzgün qiymətləndirə bilməyəcəklər: “Valideynlərə tövsiyə olunur ki, bu mövzuda hər yerdə rast gəlinən məlumatlara deyil, seçilmiş, elmi əsaslara söykənən mənbələrə üstünlük versinlər, imkan tapdıqca kurslara qatılsınlar, xüsusilə analar bu sahədə öz üzərilərində işləsinlər. Atalar oğulları, analar isə qızları ilə dost olmalıdırlar. Evdə baş verən hər bir psixoloji proses yeniyetmənin davranışında əks olunur. Bəzən yeniyetmələrin mənəvi cəhətdən ehtiyacları ödənmir , ünsiyyətə olan tələbatı qarşılanmır. O, yaşıdları ilə ünsiyyət qurmaq istəyir, çünki evdə valideyn onu başa düşmür, daim qadağalar qoyur. Belə olan halda yeniyetmə ailədən uzaqlaşır və hansı sosial mühitə düşəcəyi əvvəlcədən məlum olmur, bu isə böyük risk yaradır. Ona görə də bütün bu məsələlərə valideynlər ciddi yanaşmalı, övladını başa düşmək və onunla empatiya qurmağı bacarmalıdır.

Müəllimlər də həmçinin hər bir yeniyetmə şagirdin mənəvi aləmində baş verən dəyişiklikləri görməyi bacarmalı, uşaqların fərdi-psixoloji xüsusiyyətlərini öyrənərək ona uyğun davranış tərzi seçməlidir ki, yeniyetmə şəxsiyyətinə xələl gəlməsin.

İnkişaf yolunda ona yol yoldaşı olmaq

Bəli, söylənilənlərdən də aydın olur ki, yeniyetmələrdə özünüifadə ehtiyacı və azadlıq arzusu onların daxili inkişafının təbii bir hissəsidir. Bu ehtiyaclar itaətsizlik deyil, əksinə, sağlam psixoloji formalaşmanın əlamətidir. Əgər bu mərhələdə yeniyetməyə diqqət, anlayış və düzgün dəstək göstərilərsə, o, özünü sevən, fikirlərinə güvənən, məsuliyyətli şəxsiyyət kimi formalaşacaq. Əks təqdirdə isə o, ya üsyan edən, ya da özünəqapanan biri ola bilər.

Valideynlər, müəllimlər və cəmiyyət olaraq bizim üzərimizə düşən əsas vəzifə yeniyetmənin səsini eşitmək, onu olduğu kimi qəbul etmək və inkişaf yolunda ona yol yoldaşı olmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər