İcra başçılarının korrupsiyasına qarşı yeni metod

İcra başçılarının korrupsiyasına qarşı yeni metod Ekspert deyir ki, Azərbaycan Avropa ölkələrinin korrupsiya ilə mübarizə metodlarından istifadə edə bilər
Rusiyanın Nijni-Novqorod vilayətində hakimiyyət korrupsiyanı cilovlamaq üçün radikal addım atıb: rüşvət alan məmur barədə məlumat verən hər kəsə həmin məmurun aylıq maaşının 50 faizi qədər mükafat veriləcək. Qanun 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcək və ödənişlər birbaşa qubernatorun qərarı ilə təsdiqlənəcək. Məqsəd aydındır - bürokratik aparatın içərisində görünməz “susqunluq divarı”nı dağıtmaq, məmuru məmura qarşı qoymaq və sistemin daxildən təmizlənməsinə nail olmaq.

Bu model dünyada yeni deyil. Bir çox ölkələrdə korrupsiyaya dair məlumat verən şəxslər - yəni “whistleblower”lər - ciddi şəkildə qorunur və mükafatlandırılır. ABŞ-də bu mexanizm daha irəli gedir: federal qanunvericilik korrupsiyadan dövlətə dəymiş zərərin müəyyən faizini ifşanı edən şəxsə ödəyir. Cənubi Koreya rüşvət halları barədə məlumat verənləri dövlət səviyyəsində müdafiə edir, onların anonimliyini təmin edir, hətta təhlükəsiz evlər və psixoloji dəstək mexanizmləri belə mövcuddur. Avstraliyada korrupsiya ifşası edən dövlət qulluqçusu öz iş yerində toxunulmaz statusla təmin olunur. Yəni yanaşma birmənalıdır: dövlət öz içindəki çirkabı məhz içəridən təmizləyir.

Azərbaycanda isə korrupsiyaya qarşı mübarizə paralel olaraq həm institusional, həm də hüquqi müstəvidə aparılır. Son günlər daha iki icra başçısının korrupsiya ittihamı ilə həbs olunması göstərir ki, sistem daxilində sərtləşmə prosesi davam edir. Amma sual budur: mübarizə metodları genişləndirilə bilərmi? Yeni yanaşmalar tətbiq olunsa, nəticə daha təsirli ola bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, Rusiya modelini Azərbaycana tətbiq etmək məqsədəuyğun deyil (mənbə: haqqın.az). Onun sözlərinə görə, bu yanaşma cəmiyyətdə insanların bir-birinə inamını sarsıdar və sosial psixologiyada əlavə gərginlik yaradardı. Deputat haqlı olaraq vurğulayır ki, korrupsiyanın qarşısını almağın təməl yolu dövlət vəsaitlərinin xərclənməsinə şəffaf ictimai nəzarətdir. Azərbaycanda artıq hər bir dövlət qurumunun yanında ictimai şuralar fəaliyyət göstərir, müxtəlif ictimai nəzarət institutları işə salınıb və bu mexanizm gücləndirilməlidir. Əslində korrupsiyanın aşkarlanması heç də mürəkkəb proses deyil. Dövlət vəsaiti ayrılırsa, onun hara və necə xərcləndiyi barədə ictimai hesabatlıq olmalıdır. Şəffaf tenderlər, açıq büdcə məlumatları, müstəqil auditlərin müntəzəm keçirilməsi və medianın sərbəst araşdırma imkanları korrupsiya ilə mübarizənin əsas sütunlarıdır. Dünyanın uğurlu təcrübəsi göstərir ki, rüşvəti yalnız cəza ilə deyil, sistemin tam şəffaflaşdırılması ilə dayandırmaq mümkündür.

Rusiyanın tətbiq etdiyi model isə daha çox daxili müharibə taktikasına bənzəyir - məmurun məmura qarşı çevrilməsi. Bunun effektiv olub-olmayacağı böyük sualdır. Ancaq bir məqam dəqiqdir: korrupsiya ilə mübarizə artıq dünyada ənənəvi üsullarla aparılmır. Bu səbəbdən Azərbaycanda da müzakirə dairəsinin genişlənməsi, yeni modellərin təhlili və tətbiqi üçün cəsarət tələb olunur.

Korrupsiyanı “gizli düymə” ilə birdən-birə aradan qaldırmaq mümkün deyil. Amma düzgün mexanizmləri birləşdirmək - həm ictimai nəzarəti gücləndirmək, həm hüquqi islahatları dərinləşdirmək, həm də yeni yanaşmalardan çəkinməmək - bu mübarizəni real nəticəyə gətirə bilər.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Rusiyada tətbiq edilən model Azərbaycanda keçərli deyil: “Rüşvət elə bir hadisədir ki, iki nəfərin arasında baş verir. Çox vaxt da rüşvəti verən şəxs öz məsələsinin həlli üçün bunu edir. Ona görə də elə bir sistem yaratmaq lazımdır ki, rüşvətlə həll olunacaq məsələlər qanunla həll olunsun. Avropa ölkələrində bu niyə yoxdur? Çünki orada normal məhkəmə sistemi var. Kiminsə haqları pozulanda və ya korrupsiya halları pozulanda məhkəməyə müraciət edir. Rusiyada isə normal məhkəmə sistemi yoxdur. Ona görə də Rusiyada belə bir metodla çalışırlar ki, insanların maddi marağını artırsın. Maddi marağın yaranması isə insanların sui-istifadə etməsinə səbəb olacaq. Məsələn, müəllimə bir qutu şokolad verən valideyn gəlib deyəcək ki, müəllim rüşvət istədi deyə mən də verdim, maaşıma əlavə edin. Bu, həddindən artıq xaotik durum yaradacaq. Azərbaycanda korrupsiya məsələləri həll etmə mexanizminə çevrilib. Məsələn, kiminsə işi gömrükdə keçmirsə, rüşvət verir ki, işini həll etsin. Elə sistem qurulmalıdır ki, problemlər qanunlarla tənzimlənsin. Məhkəmələr o qədər çevik, tez və ədalətli qərarlar verməlidir ki, vətəndaş inansın və məhkəmələr vasitəsilə öz hüquqlarının bərpa olunacağına çalışsın. Azərbaycanda məişət korrupsiyası, demək olar ki, aradan qaldırılıb. ”ASAN xidmət"in, DOST -un yaranması məişət korrupsiyasının aradan qalxmasına səbəb oldu. Rusiyada isə məişət korrupsiyası var. Azərbaycanda isə sistemli, böyük korrupsiyaları biz müşahidə edirik. Məsələn, insanlar korrupsiya yolu ilə tenderlər udurlar. Dövlət satınalmaları, evlərin tikintisinə görə, xarici ticarətlə bağlı gömrükdə, vergidə bu korrupsiya halları daha çox önə çıxır".

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ölkəmizdə korrupsiyaya son qoymaq üçün islahatlar aparılmalıdır: “Bu baxımdan Rusiyanın həyata keçirdiyi model təqdirəlayiq məsələdir. Azərbaycan qanunvericiliyinə görə, rüşvəti alan da, verən də cinayətkardır. Ona görə də bu iki şəxs bir-birini qoruyur. Lakin Rusiyanın qəbul etdiyi qərarla rüşvət verən şəxs onu alanı ifşa edir və əvəzində mükafat da alır. Ən dəyərli sübut şəxsin öz əli ilə verdiyi rüşvətdir. Jurnalistlər də araşdırma edib, faktlar toplayıb təqdim edə, bu model əsasında pul qazana bilərlər.

Hesab edirəm ki, ölkəmizdə bu model tətbiq edilə bilər. Biz bəzən real mübarizə addımını psixoloji yönümdən izah edirik. Bununla da rüşvətxor məmurları dolayısı ilə müdafiə edirik. Bəzən deyirlər ki, belə bir model cəmiyyətimizdə qarşıdurma yaradar. Qarşıdurma və mübarizə olmadan inkişaf da mümkün deyil".

Ekspert deyir ki, Azərbaycan Avropa ölkələrinin korrupsiya ilə mübarizə metodlarından istifadə edə bilər: “Amerikada bu sistem o qədər də güclü deyil. Çünki ABŞ-də korrupsiya faktlarına çox tez-tez rast gəlinir. Amma Avropa modeli istifadə üçün yararlıdır. Danimarkada saxta xarici pasport almağa görə daxili işlər naziri istefa verir. Çünki bunu ondan komanda tələb edir, deyir ki, xalq bizə etimad göstərib”.

Tehsil-press.az

Oxşar xəbərlər