Qırx ildən sonra...

Qırx ildən sonra... 1976-cı ilin isti bir iyul günündə universitetin jurnalistika fakültəsinə qəbul imtahanı verməyə gəlmiş iyirmi yaşlı Allahverdinin indi altmış yaşı tamam olur. O isti iyul günündə sənədlərindəki bir möhür çatışmazlığından təzədən Naxçıvana göndərdiyim Allahverdinin universitetin bu tələbini bir sutkaya yerinə yetirmək üçün təzədən Naxçıvana necə sürətlə gedib-gəldiyini indiki kimi xatırlamaqdayam...
İyirmi yaşından altmışıncı yaşınadək Allahverdinin həmişə yaddaşımda olmağının bir neçə səbəbi var. Amma, bu səbəblərdən birincisi, əlbəttə, iyirmi yaşlı gəncin universitetin imtahanlara bağlı sənəd qəbulunun qurtarmasına cəmi bir sutka qalmış Naxçıvana necə gedib qayıtmasıdır. Bir sutka ərzində təyyarə-qatar dəyişmələri ilə hər cür yol əzablarına sinə gərməsi bu iyirmi yaşlı gəncin jurnalistikaya məhəbbəti ilə bağlı imiş. Uğurlu qiymətlərlə universitetə qəbul olan bu iyirmi yaşlı gənc isti avqust günlərində tələbə adını qazandı və elə bil həmin gün gəncliyin sonu oldu. Niyə on altı, on yeddi yox, iyirmi yaşlı? Allahverdi universitetə qəzetin içərisindən gəlmişdi, mətbəədə linotipçi işləmişdi. Qəzetçiliyin praktikasını tam mənimsəmişdi. Qalırdı nəzəriyyə və diplom məsələsi. Bunu tələbə yoldaşları bilirdi və ona ağsaqqal, təcrübəli jurnalist kimi baxırdılar.
Mən elə həmin il Allahverdinin də təmsil olunduğu birinci kursun - 3796-cı qrupun rəhbəri oldum. O qrupun da qəribə bir taleyi varmış. Elə bil qrupdakı tələbələrin hamısını Allah öz sevgiləri ilə yaratmışdı: Alı Mustafayev – telejurnalist, Milli Qəhrəman, İradə Tuncay – yazıçı, “Ədalət” qəzetinin baş redaktoru, İlqar Həsənov – indi “Xalq qəzeti”nin fəal və bacarıqlı bir müxbiri, Mirzə Əsgərov, İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev – AzTV- nin istedadlı və təcrübəli əməkdaşları, Xudayət Həsənli, Cümşüd İsgəndər, Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyova, Araz Qurbanov, Rafiq Nəbiyev, İradə İmranqızı - ömrünü jurnalistikaya bağlamış əsil qələm sahibləri! Mən bu gün həmin qrupun tələbələri ilə sədaqətli bir dostluq əlaqələrindəyəm. Amma o zamankı iyirmi yaşlı Allahverdi indi 60 yaşı tamam olan Allahverdi Məmmədlidir və tale elə gətirib ki, Allahverdinin ömür yolu, karyera inkişafı həmişə gözümün qabağında olub və sonda hətta, hər gün eyni iş yerində - Jurnalistika fakültəsində, mənim rəhbərlik etdiyim kafedrada görüşürük.
Allahverdinin bu gün iki mühüm iş yeri var: biri Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidməti, ikincisi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi. Ancaq Allahverdi Məmmədli bu nöqtəyə qədər çox böyük bir ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən biri Allahverdinin hələ tələbəykən SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilməsidir, o biri Jurnalistika fakültəsində oxuduğu beş il ərzində 53 imtahan verməsi və 51 “əla”, 2 “yaxşı” almasıdır. Universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin məsuliyyətli sahəsində fəaliyyətə başlayıb. Əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra Naxçıvanda nüfuzlu “Şərq Qapısı” qəzetində, daha sonra “Xalq qəzeti”ndə məsul vəzifələrdə işləyib, “Azad Azərbaycan” qəzetinin Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub.
Qəribədir, bütün bu vəzifə karyerasının hamısında mən sanki Allahverdinin yanında olmuşam. Çünki bizim müəllim – tələbə əlaqələrimiz çox tezliklə dostluğa çevrilmişdi və xətrini çox istədiyim bu gənç jurnalistin taleyi mənim üçün maraqlı idi. Bəlkə elə buna görəydi ki, günlərin bir günü Allahverdi Məmmədli Azərbaycan Televiziyasında işə başlayanda bir reportyor kimi ilk müsahiblərindən biri mən oldum. Ömrünün Bakı həyatını yaşamağa başlayan Allahverdi çox keçmədən Azərbaycan Televiziyasında “Xəbərlər” redaksiyasının Baş redaktoru vəzifəsinə irəli çəkildi. O zaman yenə mən bu sədaqətli dostumla Az.TV-nin bufetində tez - tez televiziya jurnalistikasının peşəkarlıq məqamlarından söhbət edirdik. Elə həmin vaxtlar mən bu cavan jurnalistin yüksək səviyyəli praktik bacarığından başqa, peşənin nəzəri problemlərinə də bələd olduğunu hiss etdim və yəqin ki, Allahverdi Məmmədlinin sonralar bizim kafedraya müəllim keçməsində mənim bu müşahidələrim də rol oynadı...
Amma hələ bu mərhələyə bir az var idi. Allahverdi bundan əvvəl elmi yaradıcılığa xüsusi meyli olan bir jurnalist kimi klassik yazıçı və jurnalistlərimizin bədii - publisistik irsi ilə çox maraqlanırdı. Mən bunu onun tələbəlik illərindən hiss etmişdim deyə günlərin bir günü Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyalarını tədqiq etmək istəyini bildirəndə heç tərəddüd etmədən bunun maraqlı, aktual bir ideya olduğunu bildirdim. Həmin anlarda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev azərbaycançılığın milli ideologiya kimi əsaslarını hazırlayaraq öz məruzə və çıxışlarında bu məsələyə xüsusi diqqət yetirirdi. İstedadlı alimlərimizdən olan Sona Vəliyeva bu sahədə maraqlı tədqiqatlarını ortaya qoymuşdu. Allahverdi Məmmədli bu ideyalar, bu tədqiqatlar fonunda millət fədaisi “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” məsələsini birbaşa tədqiqata gətirdi. Onun tezliklə ərsəyə gətirdiyi bu tədqiqat əsəri İsa Həbibbəyli, Yavuz Axundov, Əflatun Saraclı, Yusif Seyidov, Arif Əmrahoğlu, Nizami Cəfərov və digər alimlərin yüksək qiymətinə səbəb oldu.
Allahverdi Məmmədlinin bu mövzuda namizədlik dissertasiyasının Naxçıvan Dövlət Universitetindəki müdafiəsində şəxsən mən də iştirak edirdim və o müdafiənin necə uğurla keçdiyinin şahidi olmuşam. Ancaq ona qədər heç şahidi olmamışdım ki, müdafiə edən şəxsə həm də diplom verilsin. Azərbaycan Jurnalistlər Birliyinin Baş katibi Ramiz Əsgər Allahverdi Məmmədlinin müdafiədən əvvəl çap olunan “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” monoqrafiyasına görə ona elə müdafiədəcə Jurnalistlər Birliyinin Həsənbəy Zərdabi diplomunu təqdim etdi.
Onda Allahverdi Məmmədli bir alim və xüsusilə, bir Cəlil Məmməd-quluzadəşünas olaraq Jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərirdi. Allahverdi Məmmədlini Mirzə Cəlil dünyasına cəlb edən bir neçə amil var. Onlardan ən başlıcası, əlbəttə, Mirzə Cəlilin millət yanğısı, Azərbaycan maarifçiliyinin ustad nümayəndəsi olaraq, vətən, millət, ana dili yolunda özünü fəda etməsidir. İkincisi, Cəlil Məmmədquluzadə bütün millətin, bütün xalqındır – bu, aydın bir faktdır. Ancaq Cəlil Məmmədquluzadə həm də birbaşa Allahverdi Məmmədlinin sevimli Nehrəmində doğulmuş bir Azərbaycan ziyalısı və mütəfəkkiridr. XIX əsr Azərbaycan kəndinin fanatizminə, savadsızlığına üsyan edən Cəlil Məmmədquluzadənin doğma kəndi Nehrəmdən filologiya üzrə ilk alim kimi Allahverdi özü çıxdı. Üçüncüsü, Allahverdinin atası, İkinci dünya müharibəsinin odundan – alovundan keçmiş, əlil olmuş Məhərrəm kişi də Cəlil Məmmədquluzadənin jurnalistika məktəbinə vurğun bir adam kimi qırx yaşından sonra jurnalistika ixtisası almış, (hərçənd vaxtsız ölüm bundan bəhrələnməyə imkan vermədi) və oğlunun da bu yola çıxmasına səbəb olmuşdu...
Bu səbəblər mənim düşüncələrimin məhsulu deyil, bu səbəblər Allahverdini bir ziyalı, bir peşəkar jurnalist və bir alim kimi tanıyan azman alimlərin gəldiyi qənaətlərdir. Akademik İsa Həbibbəyli: “Allahverdi Məmmədli kifayət qədər təcrübəsi olan tanınmış jurnalistdir... Elm sahəsində də özünəməxsus xidmətləri olan Allahverdi Məmmədli görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin öyrənilməsinə böyük zəhmət sərf etmişdir. Onun “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” adlı monoqrafiyası bu sahədə ilk tədqiqat əsəridir”. AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov: “Allahverdi Məmmədovun “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” kitabı Cəlil Məmmədquluzadə kimi böyük bir sənətkara, millət və xalq yolunda bütöv ömür sərf etmiş bir ziyalı mücahidə məhəbbət və hörmətin rəmzidir”. İqtisad elmləri doktoru, professor Əli Əlirzayev: “Allahverdi Məhərrəm oğlunun jurnalistlik fəaliyyəti yalnız faktların təsvirindən ibarət deyil, bu fəaliyyət daha çox elmi əsaslarla izah olunan mülahizələrlə və ümumiləşdirmə qabiliyyəti ilə özünü göstərir”. Filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı: “Onun Mirzə Cəlil ruhuna sayğısı tükənməz olduğu üçün publisist – jurnalist fəaliyyətində “Molla Nəsrəddin” məktəbini ləyaqətlə, sədaqətlə davam etdirir. Elmi – tədqiqat sahəsində də Mirzə Cəlil irsinin öyrənilməsini özünə vətəndaş və alim borcu bilir”. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu: “Allahverdi Məmmədli mənə elə ilk görüşdən ziyalı, mədəni, necə deyərlər, istedadlı bir adam təsiri bağışlayıb. Eyni zamanda, bu intelligentlikdə bir ağayanalıq, daxili toxluq qarışıq bir nüfuzetmə, özünü ətrafına qəbuletdirmə xüsusiyyəti də var. Özü də bu xüsusiyyət süni, məqsədli olmayıb, onun naturası, daxili keyfiyyəti kimi üzə çıxır”. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev: “Ən böyük istedad xalqımızın min illərdir canında – qanında yaşatdığı klassik həqiqətlər içində çağdaş, yeni və ən yeni olanı görmək bacarığıdır. Allahverdi Məmmədli həmin bəsirətin sahibliyini yaşayan həmvətənimizdir”. Filologiya elmləri doktoru, professor Ramiz Əsgər: “Allahverdi gənclik və tələbəlik dövründən tanıdığım, yaxın ünsiyyət və qırılmaz dostluq qurduğum, daha sonra bir müddət bərabər çalışdığım, dərin savadına və iti zəkasına daim heyran qaldığım, həlim təbiətinə və yumşaq xasiyyətinə vurulduğum, humanizmin və insansevərliyin gəzəri və səyyar heykəli hesab etdiyim gözəl dost, mehriban və qayğıkeş yoldaş, əziz və sevimli İnsandır”.
Allahverdi Məmmədli, həqiqətən də, harda olur – olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən gəlib, universitetin Jurnalistika fakültəsində zühur edib, onun iş yerində tam formalaşmışdır. Mən Allahverdinin orta məktəb müəllimi olmuş Məsumə xanım Əliyevanın onun haqqında haçansa yazdığı bir təbrik məktubunu həyacansız oxuya bilmədim. Məsumə xanım yazır: “Sən yeddinci sinifdə oxuyanda mən sizə “Fermada” adlı inşa yazdırdım... Sənin yazın bütün uşaqların yazılarından seçilirdi... Mən o vaxt: sənin yazından jurnalist qoxusu gəlir – dedim. Sənin gələcəkdə yerin universitetin jurnalistika fakültəsidir. Mənimlə razılaşdın. Axırda da jurnalist oldun. Hələ üstəlik alim də oldun...”.
Allahverdinin Jurnalistikadakı tələbəlik illərindəki dostları indi onun haqqında ürək dolusu canlı xatirələr yazırlar. İlqar Həsənov: “Allahverdinin həyatdakı uğurlarının kökləri Jurnalistika fakültəsindən başlayır”. Rauf Ağayev: “Uzaq dağlar qədər yaxın görünən o tələbəlik illərində Allahverdi mənim təsəvvürümdə dərslərini yaxşı oxuyan, məsuliyyətli və intizamlı tələbə obrazını yaratmışdı”. Züleyxa Nadir: “Allahverdi Məmmədli mənim tələbə yoldaşım, otuz illik dostum, qardaşımdı. Baxmayaraq ki, bu gün alim adı kimi qiymətli bir titulu çiyinlərində daşıyır, amma mənim üçün illər öncə yaddaşıma hopmuş, sadə, təvəzökar, kənd havası ilə nəfəs alan təmiz, saf bir oğlan olaraq qalıb”.
Yuxarıda Allahverdi Məmmədlinin peşəkar jurnalist, alim və insan kimi qiymətləndirən elm adamlarının, müəllimlərinin tələbə dostlarının, iş yoldaşlarının sitat gətirdiyim fikirlərinin üstündən düz on il ötür. Onda Allahverdi Məmmədlinin
50 yaşı vardı, indi onun 60 yaşı tamam olur. Allahverdi bu ötən on ildə də elmi sahədə yeni uğurlar qazandı. Cəlil Məmmədquluzadənin yaratdığı Molla Nəsrəddin ədəbi məktəbinin yaradıcılıq problemlərini tədqiqata cəlb edib filologiya üzrə elmlər doktoru elmi dərəcəsi aldı, neçə - neçə elmi, publisistik kitablarıyla, nüfuzlu xarici jurnallarda dərc edilən məqalələri ilə tanındı, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etdi, amma heç vaxt xarakterini, insanlığını, dosta münasibətini dəyişmədi. Yəqin bu səbəbdəndir ki, Allahverdi Məmmədlinin 60 illik yubileyi xarici arenada da anılır, müxtəlif qurumların və görkəmli alimlərin də diqqətindən yayınmır. Yubiley gününə xeyli qalmış Allahverdinin ünvanına gələn təbrik məktubları ona olan məhəbbətin, Azərbaycan elminə olan diqqətin örnəkləridir.
KIBATEK Türkiye Başqanı Metin Turan Allahverdi Məmmədlini sənət və elm dünyasında qazandığı uğurlarına görə 60 yaşını təbrik edir.
Türk Halk Kültürünü Araştırma Kurumu Genel Başkanı prof.dr. İrfan Ünver Nasrattinoğlu Allahverdi müəllimi Azərbaycan və Türk milləti üçün yaşayıb yaradan ziyalı kimi qiymətləndirir.
Allahverdi Məmmədlinin ünvanına Orta Asiyanın, Ukraynanın, Rusiyanın tanınmış alimlərindən təbriklər gəlməkdədir.
İndi çox – çox illər bundan əvvəl iyirmi yaşında ilk dəfə gördüyüm və sənədlərindəki bir möhür çatışmazlığı ucbatından yenidən Nehrəmə qaytardığım, amma sonradan xətrini çox – çox istədiyim bu adamın 60 yaşı tamam olur. İyirmi yaşından tanıdığım Allahverdi indi filologiya üzrə elmlər doktoru kimi bizim kafedramızın seçilən bir müəllimidir. Yəqin ki, bu dünyada müəllimlikdən yüksək heç bir vəzifə yoxdur. Allahverdi Məmmədli bu yüksək zirvədə xoşbəxt bir ömür yaşayır.

Cahangir Məmmədli


Qırx ildən sonra...

Oxşar xəbərlər