Öz ömrünü yazan adam

Öz ömrünü yazan adam Hər bir jurnalist əslində, yazdığı yazılarda öz həyatını qələmə alır; ömrünün ən mübhəm anlarını, enişlərini, yoxuşlarını, uğurlarını, əskiklərini, xoş anlarını, hətta sükutlu dəqiqələrini belə. Sadəcə, bütün bunlar bir başqa adamın obrazında, fərqli bir fərdin yaşamında canlandırılır və jurnalist təxəyyülü ilə kamilləşir.
Yenicə çapdan çıxmış "Şəmsiyyənin kitabı"nda toplanmış məqalələr, oçerklər, reportajlar, müsahibələr, publisistik yazılar, esselər, bir sözlə, bütün yazı nümunələrində müəllifin özünü görürük, onun xasiyyətinə daha yaxından bələd oluruq, hadisələrə baxışını, həyata münasibətini hiss edirik. Çünki hər bir yazar istinad etdiyi obyektdə, üz tutduğu ünvanda ən əvvəl məhz özünü ifadə edir və xarakterlərə, fərdlərə bir növ öz ampluasından yanaşır. Təbii ki, qəhrəmanına xas özəllikləri, fərdilikləri saxlamaq şərtilə.
Amma "hər bir jurnalist yaradıcılığında öz həyatını yaşayır" fikrinə gəldikdə, bu, o demək deyil ki, yazar bütün müsahiblərinin həyatını özününküləşdirir, əksinə, yazdığı məqalələrlə özünü təsdiqləyir, ömrünü bütövləşdirir, "mən varam və mən buyam" həqiqətini təsdiqləyə bilir. Bu baxımdan jurnalistin yaradıcılığı nə qədər zəngin və rəngarəngdisə, bu yol nə qədər uzun və keşməkeşlidisə, o da o qədər kamil və mükəmməldir.
Şəmsiyyə Kərimova orta məktəb illərindən yazmağa başlayıb və bu günə qədər yüzlərlə insana qələmiylə söz heykəli qurub, zəkasından nur paylayıb. Məhz onun təfəkkürünün, düşüncə və təxəyyülünün, həyata baxışının nəticəsi olan yüzlərlə mətbu nümunəsi həm üz tutduğu qəhrəmanına, həm də oxucusuna ülvi hisslər yaşadıb, onları öz aləmindən çıxararaq başqa bir dünyaya, yazıdakı o mübhəm və özəl yaşama aparıb. Bunu isə əlinə qələm alıb "mən jurnalistəm", - deyən hər kəs bacarmır. Yalnız peşəkarlar, jurnalist peşəsini tale qisməti, həyat amalı, ömür yolu bilənlər bu çətin və məsuliyyətli işin öhdəsindən gələ bilərlər.
Mətbuata "Çərkəz qızı Tellinin nağılı" məqaləsi ilə gələn və o dövrün jurnalistikasında yeni üslub, yeni forma sayılan hekayə söyləmək, nəql etmək kimi axıcı yazı manerası ilə jurnalistika sahəsində, ədəbi mühitdə səs salan və müsabiqə qalibi olan bu yazının müəllifidir Şəmsiyyə. Məktəb illərindən qələm tutan əli bu günədək yorulmur, söz, fikir məskəni olan beyni, ürəyi hələ də ləyaqətli, dəyərli insanlara haqq etdikləri tərifləri ünvanlamaqdadır.
Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin Gənclik Baş redaksiyasından başlanan yaradıcılıq yolu "Azərbaycan gəncləri", "İki sahil", "Naxçıvan" qəzetlərindən keçmiş və nəhayət, "Yeni Təfəkkür"də davam etməkdədir. Artıq 11 ildir ki, Qızıl Aypara Cəmiyyətinin "Yeni Təfəkkür" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Hər həftə oxucularının görüşünə cəmiyyətin fəaliyyəti, buradakı yeniliklər, hadisələrlə birgə respublikamızın ictimai-siyasi həyatının xronikası, gündəmdə olan vacib məsələlərə aid xəbərlərlə, informasiyalarla gələn bu qəzetin artıq daimi oxucu ordusu var. Çünki bu qəzeti mütaliə edənlər özlərinin maraq dairələrini daha da genişləndirə bilir, nəsə öyrənirlər.
Çox vaxt müəllifin səmimiyyəti, hadisələrə baxışı yazılarında da hiss olunur. Şəmsiyyədə olduğu kimi. Peşəsini sevmədən, müsahibinə rəğbət bəsləmədən, onun iç dünyasını açmadan, xarakterinə az-çox bələd olmadan necə səmimi və təsirli yazı yazmaq olar? Şəmsiyyə qələmə aldığı məqalələrinə peşəkarcasına yanaşır. Boğazdan yuxarı, qəlbindən keçməyən sözləri yazmaqdan uzaqdır. Çünki söz onun peşəsinin canıdır, qanıdır. Sözə ehtiyatla, məhəbbətlə, yerində, həm də məqamında müraciət edir. İstedadlı yazıçı və gözəl publisist, nasir və jurnalist Əmir Mustafayev jurnalist ömrünü "söz kürəsində bişən adam" kimi bədii təxəyyülünün süzgəcindən keçirmişdi. Çox gözəl və yerində deyilmiş fikirdir. Həm də bu cür adlandırmada böyük həqiqət var. Jurnalistin söz kürəsində bişib cızdağı çıxmazsa ondan peşəkar söz sahibi gözləmək olmaz. Sözlə işləyən, sözdən özünə paltar biçən, sözün içində itib-batan, sözlə sevinib sözlə kədərlənən SÖZ SAHİBLƏRİ. Şəmsiyyə belə bir zərif, maraqlı, gərəkli, vacib, cəsarətli və həm də, belə demək düzgünsə, dəbdə olan bir peşənin sahibidir. Dəbdə olan demişkən, son illər jurnalistika sahəsinə axın xeyli artıb. Ali jurnalist təhsili olmayan, yazıb-pozmağı bacarmayan, jurnalistikanın sirlərindən bixəbər, jurnalist etikasından uzaq bir yığın "jurnalist ordusu" yaranıb. Amma hazırlıqlı, yaxşını və pisi ayırmağı bacaran, bayağı yazı ilə səviyyəlini seçən oxucu təbii ki, bu gün də var və onlar peşəkarların yazı üslubunun, dəst-xəttinin acıdırlar. Qəzet və jurnal səhifələrində, efir və ekranlarda, internet portallarında qələminə hörmət bəslədiyi yazarları, imzalarına rəğbətlə yanaşdıqları söz sahiblərini izləyirlər, onların yardıcılığı ilə mənəvi qidalanırlar. Ş.Kərimova məhz bu cür "üzdəniraq" yazarlara örnək göstəriləsi, nümunə olacaq söz, qələm əhlidir. Mətbuat sahəsində qələm çaldığı 40 ildən yuxarı bir müddətdə heç bir yazısıyla peşəsinə xəyanət etməyib, məsləkinə xilaf çıxmayıb.
O, 40 ildir sevdiyi peşəsinin ardınca gedir. 40 ildir jurnalistikanı həyatının bir parçası edə bilib. Özünü jurnalistikada tamamlayıb, burada təsadüfi, keçici bir adam olmadığını sübut edə bilib. Çünki bu peşəyə sevərək gəlib. Ona görə də, bu sahədə müvəffəqiyyət qazanıb, sözünü deyə bilib, özünü təsdiqləyib, varlığını sübuta yetirib.
Bütün bunlarla yanaşı o, həmişə çalışdığı kollektivin nüfuzunu qoruyub, xələl gəlməsinə imkan verməyib. Rəhbərlik etdiyi qəzetin kollektivinə ailəsi kimi baxır, işçilərinin arzu və istəkləri, problemləri ilə maraqlanır, onların dərd-sərini özününkü bilir. O, dostlarına qarşı da çox diqqətli və sayğılıdır. Dostları çoxdur - bunların arasında həmkarlarından tutmuş müxtəlif peşə sahiblərinədək çox insan var. Onlarla vaxt keçirməkdən, səyahətlərdə olmaqdan, dincəlməkdən, fikir mübadiləsi etməkdən, xeyriyyə tədbirlərinə qoşulmaqdan, gözü yolda olanları sevindirməkdən, kimsəsizlərə simsar olmaqdan zövq alır.
Şəmsiyyə Kərimova sənətinin və ömrünün kamillik çağını yaşayır. Bu kamil və bitkin ömrün çalarları o qədər rəngarəng və fərqlidir ki, onu oxucusunun və həm də tanıdıqlarının - doğmalarından tutmuş qohum-əqrabasına, dost-tanışlarınadək hamısını özündə, həyatında ehtiva etməyə yetər. Çünki jurnalistikamızı ayaqda saxlayan, onu hörmətli və urvatlı edən möhkəm özüldə Şəmsiyyənin də öz çəkisi, öz payı var.
Uzun illik yaradıcılığının məhsulu olan "Şəmsiyyənin kitabı" və yeni yaşın - yubileyin mübarək əziz həmkarım!

QONAQ
Əntiqə Əməkdar jurnalist

Oxşar xəbərlər