Təbiəti mühafizə etmək ən zəruri əxlaqi məsuliyyətdir...

Təbiəti mühafizə etmək ən zəruri əxlaqi məsuliyyətdir... “Ekologiya” sözü yunanca tərcümədə “ev, insanı əhatə edən mühit” deməkdir. Ona görə hər birimiz həm evimizin, həm də yaşadığımız ətraf mühitin təmiz olunmasına çalışmalı, onu daim qorumalıyıq. Bütün bunlar təbii ki, uşaq bağçalalarından tutmuş, orta məktəblərdə lap elə ali məktəblərdə gənclərimizə öyrədilməlidir. Ekologiya deyərdim, bir proqram kimi tədris olunmalıdır. Doğrudur, ölkəmizdə ekologiya ilə bağlı çox iş görülür. Ətraf mühitin təmizlənməsi, artıq tullantıların yığışdırılması həyata keçirilir. Eləcə də bir çox təşkilatlar yaradılıb ki, onlar sırf ekoloji məsələlərlə məşğul olur.
Respublikamız müstəqillik əldə etdikdən sonra müxtəlif illərdə ətraf mühitin mühafizəsi ilə əlaqədar neçə-neçə qanunlar imzalanıb. Bundan başqa 2010-cu il ölkəmizdə ekologiya ili elan olunub. Bütün bunlar onu göstərir ki, dövlət təbiətdən istifadə məsələsinə nəzarəti gücləndirməyi, əhalinin ekoloji tərbiyəsini diqqət mərkəzində saxlamağı zəruri sayır. Problemlərin genişliyi tələb edir ki, hər kəs öz fəaliyyətində “ekoloq” olsun.
Hər bir məktəbli, tələbə bir həqiqəti dərk etsin ki, təbiətlə ünsiyyətdəki tələbat insanın mənəvi tələbatlardan biridir.
Yaşadığımız bu elmi-texniki inkişaf əsrində gənc nəsildə ekoloji bilik və mədəniyyətin formalaşdırılması fikrimcə, müasir dövrümüzün ən vacib məsələlərindən biridir. Çünki bu mədəniyyətə, elmə yiyələnmiş insan ekoloji problemlərə biganə qalmır, ekologiyanın qorunmasını özünün vətəndaşlıq borcu hesab edir. Unutmaq olmaz ki, bu gün ekoloji problem təkcə bir ölkənin deyil, bütün dünyanın, cəmiyyətin probleminə çevrilmiş, bütövlükdə bəşəriyyəti narahat edən ən qlobal məsələdir.
İnsan Allahın bəxş etdiyi təbii sərvətlərdən –sudan, torpaqdan, havadan, günəş işığından və s. istifadə edir. Ağaclar bizi oksigenlə, dənizlər, göllər, çaylar su ilə, bulaqlarla təmin edir. Heyvanlar insanların ərzağa olan ehtiyaclarını ödədikləri kimi, təbiətdə gedən təmizlik prosesində də böyük rol oynayırlar. Məsələn, vəhşi heyvanlar sürüdəki xəstə və zəif olan digər heyvanları ovlayıb yeməklə bir çox yoluxucu xəstəliklərin qarşısını alır, həşəratlar torpağı, bitki qatını xəstəliklərdən qoruyurlar. Ancaq insanlar nəsli kəsilməkdə olan heyvanları ovlayır, meşələri qırır, ətrafa zibil tullantılarını atır və nəticədə, Yer kürəsində, təhlükəli qlobal istiləşmə baş verir, sürətlə artan əhalinin ərzaq çatışmazlığı yaranır. Ağacların kəsilməsi, meşə yanğınları ilk növbədə insan üçün ən mühüm amil olan oksigen ehtiyatının azalmasına səbəb olur.
Çox təəssüf ki, bütün bu deyilənləri hər kəs dərk etmir. Bu gün üçün yaşayan, burnunun ucundan uzağı görməyənlər hələ də sıralarımızdadır. Onlar öz şəxsi mənafeyi üçün bizləri, hər kəsi, böyüyü, kiçiyi, fərqi yoxdur, hamının həyatını zəhərləyir, məhv edir. Vaxtı ilə ümummulli lider Heydər Əliyev deyirdi ki, ağac kəsən şəxs sanki mənim qolumu kəsir. Dəhşətdir, ölkənin birinci şəxsi bunu belə faciəvi deyir, ancaq bir yaramaz, savadsız, nadan olan şəxs isə hansı yollarla vəzifə sahibi, kreslo sahibi olur və bütün insanların həyatını zəhərləyir. Bəzən düşünürsən ki, bunların məqsədi ölkədə qalib yaşamaq deyil, külli miqdarda var-dövlət yığıb ölkəni tərk etməkdir. Faşist bunları etməz ki, onlar edirlər. Bakının bəzi küçələrinə baxanda adamın ürəyi ağrıyır, elə bilirsən şəhər işğaldan yenicə çıxıb, yaşıl bir ağac öz kökü üstündə deyil, bu talana, bu dağıntya kim rəvac verib? Dünya tarixində belə özbaşınalıq görünməyib. Bina ətrafındakı bar ağacları belə talan olub. Yerində eybəcər “moyka”lar, ticarət köşkləri fəaliyyət göstərir. Kimdir bu qətləmin sifarişçisi, təbii ki, Rayon İcra başçıları. Nə qədər nadan olasan ki, oturduğun budağı kəsəsən? buna nə ad vermək olar? Yalnız nankorluq! Sənə etimad göstərilib, etibar edilib vəzifə verilib. Sən də “babam mənə kor deyib, hər yetəni vur deyib”. Bu Allahsızlıq və vicdansızlıqdır, vəssalam...
Bakı şəhəri Xətai rayonu haqqında danışmağa insanın dili belə gəlmir. Bu rayona olan zülm insanlığa sığmayan böyük bir faciənin başlanğıcıdır. Bəlkə biz Qarabağı, Göyçəni, Zəngəzuru qaytardıq, ancaq Bakını əvvəlki görkəminə, əvvəlki yaşıllığına, bir paytaxt görkəminə qaytaracağımız dəryada balıq sevdasıdır. Demək olar ki, ətrafda binalardan başqa heç nə yoxdur. İnsanlar yalnız blokdan evə girib sakitcə əyləşməlidir televizorun qarşısında vəssalam... Çünki şəhərə çıxmağa məkan yoxdur, hər tərəf zəbt olub. Elə bil rayonun, şəhərin meri sabah yaşamaq üçün harasa gedəcək...
Vətəni sevən onu özünə ana bilən kəs onu bu kökə, bu vəziyyətə salmaz, əsla. Ancaq vaxt gələcək hər kəs cəzasını çəkəcək, özü də lazımınca...
Qaz olmadı deyib meşələrimizi məhv etdik. İndi onun əzabını çəkirik.
Hər bir kəs dərk etməlidir ki, təbiətə düşmən olan hər şey insanlğa düşməndir. İnsanın təbiətdən üz döndərməsi, özünü hər şeydən məhrum etməsi deməkdir. Odur ki, biz insanlar təbiəti sevməli, qorumalı, ətraf mühitin çirklənməməsi üçün əlimizdən gələni etməliyik.

H.Əkbər

Oxşar xəbərlər