TƏHSİL STRATEGİYASI VƏ MİLLİ DÖVLƏTÇİLİK

TƏHSİL STRATEGİYASI VƏ MİLLİ DÖVLƏTÇİLİK
Gülşən Əliyeva – Kəngərli,
Azərbaycan Dövlət və İncəsənət Universitetinin
tərbiyə və humanitar işlər üzrə prorektor,
filologiya elmləri doktoru, professor


Təhsil hər bir dövlətin və onun idarə etdiyi cəmiyyətin dayağıdır. Ulu Peyğəmbərə aid olan kəlamlarda “Elmi beşikdən məzara qədər öyrənin”, “Alimin mürəkkəbi şəhidin qanı qədər qiymətlidir” deyilməklə elmin, təhsilin dəyəri uca tutulur. Nizami Gəncəci yazmışdır:

Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!


Dünyanın nəhəng adamlarından biri Pyotr üzüyünə bu sözləri yazdırmışdı:
“Mən şagird rütbəsindəyəm və həmişə özümə müəllim axtarıram...”. Savadsız həkim bir adamı ,savadsız müəllim isə bir milləti öldürür. Yaxşı müəllim milli sərvətdir. Tarixi mənbələrin bizə verdiyi bu qiymətli örnəklər belə nəticəyə gəlməyə imkan yaradır ki, təhsilə önəm verən dövlət tarixdə düzgün yaşamaq hüququ əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Eliyevin oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sürətlə inkişaf edən həm iqtisadi, həm də diplomatik sahələrdə qazanılmış vüsətli nailiyyətləri ilə dünyaya inteqrasiya olunan dövlətimizin uğurlu nailiyyətidir. Strategiyada təhsilin vəzifələri və prioritetləri bütövlükdə ölkənin inkişaf istiqamətilə uyğun müəyyənləşdirilir: “Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsi bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsinin təşkil edir”.
Strategiya belə bir konseptual əsasdan qaynaqlanır. Burada üç amil ciddi surətdə nəzərə alınıb: birincisi, hələ ilk dəfə Prezident seçiləndə İlham Əliyev demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, ikincisi, cənab Prezident belə bir məqsəd müəyyənləşdirib: “Maddi kapitalı insan kapitalına çevirmək”, nəhayət üçüncüsü: qloballaşma epoxasının – bu labüd dünyəvi prosesin tələbinə uyğun olaraq ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi. Bu sonuncu prioritet istiqamət olub innovativ texnologiyaları vaxtında dəqiq və səmərəli tətbiq üçün şəxsin bilik və bacarıqlarını təkmilləşdirməyə qadir təhsil sistemi yaratmağı zərurətə çevirir.
Ölkədə belə təhsil sistemi üçün sosial-iqtisadi bazanın yaradılması strategiyada əsaslı şəkildə ortaya qoyulur.
Dünya səviyyəsində iqtisadi rəqabət aparan dünya siyasətinə təsir imkanlarına malik Azərbaycanın bunu strateji təminatını verən – təhsili dünya səviyyəsinə qaldıra bilən yeni sistemə ciddi ehtiyacı gündəmdə dayanır.
Strategiyada bu başlıca məqsədi hədəfə alan beş düzgün istiqamət nəzərdə tutulur:
1. Bütün təhsil pillələri üzrə kurikulumların təmin olunması;
2. Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi;
3. Təhsildə nəticələrə görə cavabdeh mükəmməl idarəetmə mexanizmlərinin yaradılması;
4. Tarixin və zamanın tələbinə uyğun uzunömürlü təhsili təmsil edən təhsil infrastrukturlarınınyaradılması;
5. Ölkə iqtisadiyyatına uyğun dünya standartları ilə eyni səviyyədə təhsili maliyyələşdirmə modelini – Təhsilin İnkişafı Fondunun yaradılması.

Bu istiqamətlər qloballaşan – sərhədsiz münasibətlər dünyasında Azərbaycanın dünya iqtisadi prosesləri ilə inteqrasiyasının təminatına imkan verən təhsil sistemini yaratmağa qabildir. Strategiyada bütün bunlar təhsilin məzmunu kimi nəzərdə tutulur.
Təhsilin sosial-iqtisadi rolu, daha doğrusu, səmərəliliyi ölkənin intellektual potensialını təmin edən peşəkar kadrların hazırlanması ilə bağlıdır. Burada yeni və daha münasib ixtisasların tətbiqini zərurətə çevirir. Təhsilin keyfiyyəti innovativ vasitələrin, yeni texnologiyaların zamanında tətbiqi ilə yanaşı çevik dəyişə bilən ixtisaslara nail olmağı da nəzərdə tutur.
Strategiyada dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanıb ölkədə təhsilin bir il artırılması - 12 illik təhsilə keçid Ümumi Daxili Məhsulun 3-6 faiz artırılmasına təminat verən amil kimi təqdir olunur. Burada təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və bu sahədə innovasiyalara əsaslanan kurikulumların rolu xüsusilə qeyd olunur. Təhsilin keyfiyyətini, xüsusilə kurikulumların məzmununu zənginləşdirən innovativ texnoloji və tədris vasitələri ilə bərabər yenə də müəllim təhsildə başlıca fiqurdur. Bizim fikrimizcə, indi müəllim təkcə təhsil verən deyil, həm də təhsili idarə edən başlıca simadır. Strategiyada belə deyilir:
“Müəllim amili təhsilalanın öyrətməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarığından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır”. Biz belə hesab edirik ki, heç bir innovativ texnologiya, heç bir texniki vasitə müəllimlə şagird, müəllimlə tələbə arasında canlı ünsiyyət əvəz edə bilməz.
Qarşılıqlı psixoloji anlaşma xüsusilə humanitar elmlər sahəsində, bədii – yaradıcılıq təhsilində müvəffəqiyyətin rəhnidir. Ən mükəmməl kompüter belə müəllimin şagirdə və tələbəyə canlı psixi-emosional təsirini əvəz etməkdə acizdir. Müəllimin gözünün şüası, sözünün duası, təbəssümü bütün texnologiyalardan güclüdür. Strategiyada təhsilin idarə olunmasına xüsusi önəm verilir. İstər orta məktəbdə, istərsə də ali məktəbdə mükəmməl təhsil almış, Şərq və Avropa milli mənəvi dəyərlərini dərindən mənimsəmiş, müstəqil maarifçilik görüşlərinə malik, mənəvi-əxlaqi cəhətdən təmiz, nəfsinə qalib gəlməyi bacaran vətənpərvər şəxsiyyət və ziyalı dayanmalıdır. Strategiyanın “Təhsil sisteminin başlıca vəzifələri” bölümündə belə bir müddəa var: ”məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Belə vətəndaş yetişdirən təhsil müəssisəsinin rəhbərinin özü bu xüsusiyyətlərə malik olmalı, millətə xidmət etməlidir. Hər bir təhsil müəssisəsi millətin və dövlətin intellektual sərvətidir.
Strategiyada deyilir: “Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır”. Bu bazaya uyğun kadr islahatlarının aparılması ciddi surətdə ləngiyir. Strategiyada iki ciddi məsələ də diqqəti cəlb edir: 1) “Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımından təkmilləşdirilməsinə ehtiyac vardır”, 2) “Ali təhsil müəssisələri məzmunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır”.
Təqdim olunan sənəddə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas məqsədi belə formulə olunur: ”Strategiyanın məqsədi ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.
Strategiyanın reallaşdırılması təhsilin məzmununun , kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf istiqamətlərinə uyğun yenidən qurulmasına imkan verərək ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir”.


Oxşar xəbərlər