Ulu öndər Heydər Əliyevin parlaq xatirəsi Dubayda anılıb

Ulu öndər Heydər Əliyevin parlaq xatirəsi Dubayda anılıb Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Səfirlikdən Tehsil-press.az-a bildiriblər ki, tədbirdə Azərbaycan, Rusiya və Qazaxıstanın Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Qoça Buaçidze və Arman İssagaliyev çıxış ediblər.
Azərbaycanın Baş konsulu P.İsmayılzadə çıxışında dövlət müstəqilliyimizin qorunub saxlanması, dövlətçiliyimizin möhkəmləndirilməsi kimi taleyüklü məsələlərdə Ulu Öndərin müstəsna xidmətlərini xatırladıb. Vurğulayıb ki, xalqın mənafeyinə uyğun daxili və xarici siyasət kursu müəyyələşdirilməsində, ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində ölçüyəgəlməz xidmətləri ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbəti və əbədiyyət qazandırıb.
Baş konsul qeyd edib ki, bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi nailiyyətlərə imza atan Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub. Bütün bu nailiyyətlərin təməlində xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti və ideyaları dayanır.
Mərasimdə ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib. Sonra xüsusi qonaq qismində dəvət olunmuş istedadlı italiyalı müğənni Falçi Massimiliano Ulu Öndərin çox sevdiyi “Azərbaycan”, “Küçələrə su səpmişəm” və digər mahnıları ifa edib.
Tədbirdə MDB ölkələrinin baş konsulları, Dubay Gömrük Xidmətinin və Skaylayn (Skyline) Universitetinin əməkdaşları, ARDNŞ, Azərbaycan Hava Yolları şirkətlərinin, diasporumuzun nümayəndələri, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.


Tehsil-press.az

Oxşar xəbərlər