“İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib [YENİLƏNİB]

“İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib [YENİLƏNİB] Noyabrın 6-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix İnstitutunun hazırladığı kitabın elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru Bakı Dövlət Universitetinin (BDU) dosenti Gülnur Mahmuddur.
Tehsil-press.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Müvafiq qurumların nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin, ərəb ölkələrinin Bakıdakı səfirlərinin iştirak etdikləri mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bədnam ermənilərin qəsbkarlıq, işğalçılıq siyasəti apardıqlarından, torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb.
Tariximizin dərindən tədqiq olunmasının önəmli məsələ olduğunu qeyd edən direktor Tarix İnstitutunun bu sahədə uğurlu araşdırmalar apardığını qeyd edib. Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan K. Tahirov nəşrin bir sıra dillərə - ingilis, rus, rumın, italyan, ispan dillərinə tərcümə olunduğunu bildirib və onun italyan dilində tərcüməsinin təqdimatının 2015-ci ilin may ayında İtaliyanın Turin şəhərində beynəlxalq kitab yarmarkasında çox böyük uğurla keçirildiyini qeyd edib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-ci ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb.
Nazir müavini Azərbaycanın böyük bir humanitar aksiyanın- IV Beynəlxalq Teatr Konfransı ərəfəsində olduğunu və bu beynəlxalq tədbirin “Teatr və multikulturalizm” devizi altında keçiriləcəyini bildirib.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə tariximizə dair olduqca fundamental əsərlərin nəşr edildiyini söyləyən Ə. Vəliyev “İrəvan xanlığı” kitabının tariximizlə bağlı çox önəmli əsər olduğunu diqqətə çatdırıb, Azərbaycan həqiqətlərinin dünyaya daha ətraflı çatdırılmasının zərurililiyini vurğulayıb.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin elmə, tariximizin tədqiqinə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Alim qeyd edib ki, bu gün təqdimat mərasimi keçirilən “İrəvan xanlığı” əsəri də dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yazılmış və müxtəlif dillərə tərcümə olunub.
“İrəvan xanlığı” kitabı barədə danışan Y. Mahmudov diqqətə çatdırıb ki, ermənilər XIX əsrdə Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülüblər. Ermənilərin bu ərazilərdə tarixi torpaqları yoxdur. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. “İrəvan xanlığı” kitabında bu həqiqətlər əks etdirilib.
Y. Mahmudov mənfur ermənilərin və onların havadarlarının tarixi həqiqətləri saxtalaşdırmağa cəhd etdiklərini bildirib və ermənilərin apardıqları işğalçılıq siyasətlərindən bu gün də əl çəkmədiklərini söyləyib.
Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev, BDU-nun dosenti Gülnur Mahmud və digər çıxış edənlər də İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən bəhs ediblər.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi kitabın ərəb dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. İnstitutun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu- Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur.
Sonda tədbir iştirakçıları Yaqub Mahmudovun müəllifi olduğu və onun rəhbərliyi altında Tarix İnstitutu tərəfindən nəşr olunan kitablardan ibarət sərgi ilə tanış olublar.
Xatırladaq ki, “İrəvan xanlığı” kitabı 2012-ci ildə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər