Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Yapon mərkəzinin təşkilatçılığı ilə adıçəkilən mərkəzdə “Sudo və Savako müəllimlə yapon dili dərsi” keçirildi. Bu dərsin keçirilməsinin əsas məqsədi ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasında təhsil alan tələbələrinin yapon dilində nitq mədəniyyətini daha çox inkişaf etdirmək, bu dilin söz bazasını artırmaq və sözlərin düzgün tələffüzü, həmçinin istifadə qaydasını daha dəqiq izah etməkdir. Bu məqsədlə dərsdə müxtəlif video-çarxlar nümayiş olundu, eləcə də xüsusi testlər və yoxlama işləri aparıldı. Qeyd edək ki, BDU-nun yapon dili müəllimi Nobuhiro Sudo və Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Savako Obata tərəfindən keçirilən dərslər yaponşünaslıq ixtisasında təhsil alan bütün tələbələr üçün nəzərdə tutulub. Onu da bildirək ki, universitetdə tədris olunan fənlərdən kənar və mütəmadi formada keçirilməsi nəzərdə tutulan dərslərdə xüsusi materiallardan istifadə olunacaq ki, onlar da hər bir dərsin mövzusuna uyğun olaraq seçilib.
ADU-nun Mətbuat Xidməti