Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, “Əməkdar İncəsənət Xadimi” İlyas Tapdıqla bağlı bir xatirə

Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, “Əməkdar İncəsənət Xadimi” İlyas Tapdıqla bağlı bir xatirə Təxminən üç il bundan əvvəl Gədəbəyin sirli tarixi, abidələri ilə bağlı “Qanlı dağ” ərazisində “Buzxana” və digər mağaralar barədə çəkiliş edilib qayıdarkən yolum Alnabat-Daryurd kəndlərinin yaylaqları olan “Çay yurd”, “Şır-şır” dan düşdü və iki nəfər qoyun otaranla görüşdüm. Sözarası İlyas Tapdığın kənddə olub-olmadığını soruşdum. Onlar bildirdilər ki, İlyas müəllimin qıçı sınıb. Doğrusu, bu ərazinin insanlarının çox zarafatçıl olduğunu bilib bunun da zarafat olduğunu düşündüm. Onlar bunun həqiqət olduğunu dedilər və bu şeir yarandı.

Səni

Ülvi salamlarla, ay İlyas qağa,
Görüşə səsləyir bu dağlar səni.
Vədə çatdı, el qayıtdı qışlağa,
Arayır kimsəsiz yaylaqlar səni.
Baldırğanlar, quzqulaqlar quruyub,
Zirvələri çisgin, duman bürüyüb.
Comaların bel kərəni çürüyüb,
Xatırlar gəzdiyin oylaqlar səni.
“Arxaşan”, “Çümbüzlü”, “Çay yurd” yaylağı,
“Şırşır”, “Kığlı”, “Məsmə”, “Sayalı” bulağı,
“Qanlı dağ”, “Buzxana”-şəfa ocağı,
Qol açıb həsrətlə qucaqlar səni.
Qalmayıb qarağat, moruq, çiyələk,
Arxaclarda ağarışır göbələk.
Nağıltək xatırlar o küskün mələk,
Bir də o cığırlar, çaylaqlar səni.
Bıçaqla ağaca yazdığın o ad,
Çoxdan sənsizləşib, qoparır fəryad.
Səsləyir o sevgi, o ləzzət, o dad,
Yelləncək qurduğun budaqlar səni.
Yurd yeriniz çoxdan uçub, tökülüb,
Pərdiləri zaman kimi sökülüb.
O qız da qocalıb, beli bükülüb,
Öpüşə səsləyir bulaqlar səni.
Kərəməm, yetişdi ömrün payızı,
Başa qırov saldı qışın ayazı.
Pozulub üstünə yazdığın yazı,
Arayır həmin o yarpaqlar səni!...

Kərəm Nəbiyev
AJB-nin üzvü, H.B.Zərdabi Qran-pri və bir sıra
Beynəlxalq müsabiqələr laureatı

Oxşar xəbərlər