DGK-da işə qəbulla bağlı müsabiqə elan edilib

DGK-da işə qəbulla bağlı müsabiqə elan edilib Dövlət Gömrük Komitəsi qurumda işə qəbulla bağlı müsabiqə elan edib.

Komitədən Təhsil-press.az-a verilən məlumatda qeyd edilib ki, son vaxtlar Dövlət Gömrük Komitəsinə, xüsusən Komitə sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevə məktubla, rəsmi qəbul günləri və regionlarda vətəndaşların qəbulu zamanı edilən müraciətlərin əsas hissəsi gömrük orqanlarına işə qəbulla bağlıdır.
Bildirilir ki, gömrük orqanlarına işə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Gömrük orqanlarının hüquq-mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq, qeyd edilən əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş və müvafiq ali təhsilə (gömrük işinin təşkili, hüquqşünaslıq, iqtisadiyyat, maliyyə və s.) malik Azərbaycan vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Müraciətlərdən isə aydın görünür ki, gömrük orqanlarında xidmət etmək üçün müraciət edənlər arasında yaş həddini aşanlar və qeyri-ixtisas sahibləri (musiqi, rəssamlıq, filologiya, kitabxanaçılıq və s.) çoxluq təşkil edir. Bu kimi ixtisaslar isə gömrük profilinə uyğun deyil.
Dövlət Gömrük Komitəsi gömrük orqanlarında işə qəbulla bağlı müraciət edən vətəndaşlara bir daha bildirir ki, bu barədə Komitənin rəsmi internet səhifəsindən ətraflı məlumat əldə etmək mümkündür və həmin məlumatda nəzərdə tutulan kriteriyalara uyğun şəxslərin müraciət etməsi tövsiyə olunur. Həmçinin, gömrük orqanlarında xidmətə qəbulla əlaqədar test imtahanlarının keçirildiyi tarix və yer barədə məlumatı da Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən öyrənmək mümkündür.

Təhsil-press.az

Oxşar xəbərlər