Dövlət İmtahan Mərkəzində İctimai Şuraya üzv olmaq istəyənlərlə görüş keçirilib

Dövlət İmtahan Mərkəzində İctimai Şuraya üzv olmaq istəyənlərlə görüş keçirilib Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmış dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin müvafiq bəndinə əsasən mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bundan əlavə həmin Nizamnamənin müvafiq yarımbəndinə uyğun olaraq dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək mərkəzin hüquqlarından biridir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4-cü bəndinə əsasən vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişlənməsi və ictimai iştirakçılığın artması sahəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu qurum publik hüquqi şəxs kimi bu sahədə fəaliyyətə qoşulmağı və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı tədbirlərin icrasında iştirak etməyi özünə borc bilir.
Qeyd olunanlara uyğun olaraq DİM tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradılır.
Ötən ay Şuraya üzv olmaq üçün müvafiq elan verilib və 40-dan artıq QHT, təhsil eksperti, müəllim və KİV nümayəndəsi üzv olmaq üçün qeydiyyatdan keçib.
Aprelin 20-də DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iştirakı ilə İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrlə görüş keçirilib. Görüşdə iştirakçılara Şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqqında məlumat verilib və onlar yazı işlərinin emalı prosesinin müxtəlif mərhələlərini izləmək üçün dəvət olunublar. Eyni zamanda, sual kitabçalarının çapı, paketlənməsi və buraxılış imtahanı materiallarının yoxlanılması prosesinə aid qısa xidməti videoçarx nümayiş etdirilib. Sonra Şuraya üzv olmaq istəyən namizədlərin siyahısı müəyyənləşdirilib. İctimai Şuranın üzvləri DİM Direktorlar Şurası tərəfindən formalaşdırılacaq.

Kəmalə Rəhimli


Dövlət İmtahan Mərkəzində İctimai Şuraya üzv olmaq istəyənlərlə görüş keçirilib

Oxşar xəbərlər