Yazıçılarla görüşlər tələbələrin bədii ədəbiyyata marağını artırır

Yazıçılarla görüşlər tələbələrin bədii ədəbiyyata marağını artırır Bakı Humanitar Kollecində (BHK) Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri, şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.
Görüşdə çıxış edən kollecin şöbə müdiri Talıb Zülfiyev tələbələrin bədii ədəbiyyata marağının artması, daxili mənəvi dünyalarının zənginləşməsi, mütaliə mədəniyyətinin yüksəlməsi, dünyagörüşlərinin əhatəli olması baxımından bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Mətanət Ulu Şirvanlının yaradıcılığından söhbət açan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmlər doktoru Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy yazıçının əsərlərində cəmiyyət üçün aktual mövzulara toxunduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, özünəməxsus yaradıcılıq üslubuna və dəst-xəttə malik Mətanət Ulu Şirvanlının poeziyasındakı axıcılıq həm bəstəkarların, həm də aşıqların diqqətini cəlb edib. Təsadüfi deyil ki, görkəmli bəstəkarlarımız Oqtay Rəcəbov, Tahir Əkbər və başqaları şairənin sözlərinə mahnılar bəstələyiblər.
Sonda görüşün təşkilatçılarına minnətdarlığını bildirən Mətanət Ulu Şirvanlı yeni şeirlərini oxuyub, tələbələrə kitablarını hədiyyə edib.

BHK-nın Mətbuat Xidməti


Yazıçılarla görüşlər tələbələrin bədii ədəbiyyata marağını artırır

Oxşar xəbərlər