Azərbaycan Turizm və Menecment Universitetinin “Ask me - Məndən soruş” turizm könüllüləri fəaliyyətə başlayır

Azərbaycan Turizm və Menecment Universitetinin “Ask me - Məndən soruş” turizm könüllüləri fəaliyyətə başlayır Dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin son iclasında ölkəmizə yarışlar zamanı gələcək turistlərə yardımçı olmaq üçün Bakı şəhərinin mərkəzində xidmət göstərəcək “Ask me - Məndən soruş” turizm könüllülərindən ibarət qrupların yaradılması məqsədəuyğun hesab edilib. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə aparılmış məsləhətləşmələrdən sonra Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) xarici dil biliyi olan 47 tələbəsindən ibarət turizm könüllüləri qrupu yaradılıb.
Bu qrupa cəlb olunmuş tələbələrə müxtəlif təlimlər keçilib. Dördüncü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsi tərəfindən akkreditasiyadan keçən tələbələr üzərində “ASK ME” sözləri yazılmış, Oyunların könüllüləri üçün nəzərdə tutulan geyimi ilə təchiz olunublar. Hər bir tələbə ilə müvafiq qaydada könüllülük müqaviləsi imzalanıb. “ASK ME” könüllülər qrupu mayın 12-dən 22-dək turistlərin ən çox toplandığı yerlərdə, şəhərin mərkəzi hissəsində saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək, turistlərin ictimai yerlərdə qarşılaşacağı suallara cavab tapmaqda onlara kömək edəcəklər.
Tələbələr iki nəfərlik qruplarla şəhərin mərkəzi hissəsində böyük ticarət mərkəzlərində, metro stansiyalarının çıxışlarında və turistlərin ən çox ziyarət edəcəkləri tarixi və mədəni yerlərdə fəaliyyət göstərəcəklər.
Həmçinin “ASK ME” qrupunun üzvləri könüllü fəaliyyəti zamanı qarşılaşacaqları sualların qeydiyyatını aparacaqlar. Belə ki, Oyunlar bitdikdən sonra aparılmış qeydiyyat turizm sahəsində tədqiqat işi kimi nəzərdən keçiriləcək. Bu tədqiqat şəhərin müxtəlif hissələrində turistlərin ən çox rastlaşdıqları problemlərin nələrdən ibarət olduğunu və turistləri ən çox hansı sualların düşündürdüyünü müəyyənləşdirməyə imkan verəcək. Əldə edilən nəticələr gələcəkdə bu cür tədbirlərə hazırlıq işlərində istifadə olunacaq.

ATMU-nun Mətbuat Xidməti


Azərbaycan Turizm və Menecment Universitetinin “Ask me - Məndən soruş” turizm könüllüləri fəaliyyətə başlayır

Oxşar xəbərlər