Səlim Müslümov: "Sosial xidmətin inkişafı Strategiyası" hazırlanıb

Səlim Müslümov: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının dəstəyi və Avstriyanın müvafiq qurumları ilə birgə icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi başa çatıb.
ƏƏSMN-ndə Aİ-nin dəstəyi ilə və Avstriya Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi başa çatıb. Layihənin yekunlarına dair keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, ölkədə sosial təminat sisteminin müasir tələblərə uyğun səviyyədə təkmilləşdirilməsi və səmərəli təşkili Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı müəyyən etdiyi vəzifələr sırasında mühüm yer tutur. Nazir son illərdə aparılan köklü islahatların bu sistemin müasir və şəffaf, sosial cəhətdən həssas qruplara əlçatan səviyyədə formalaşmasına yol açdığını qeyd edib: “Sosial təminat sisteminin vacib sahələrindən biri də sosial xidmətlərdir. Hazırda nazirliyin xətti ilə 11300 nəfərə yaxın tənha ahıl və əlilliyi olan şəxs evlərində səyyar formada, təqribən 1100 nəfər insan isə sosial xidmət müəssisələrində stasionar şəraitdə bu xidmətlərlə təmin olunur. Nazirliyin sosial sifarişləri əsasında isə müxtəlif layihələr üzrə il ərzində 2 min nəfərdən çox ehtiyacı olan şəxsə QHT-lər tərəfindən reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Son illərdə sosial xidmətlər sisteminin də qabaqcıl dünya təcrübəsinə uyğun qurulması əsas hədəflərdən biri kimi müəyyən olunub. Bu sahədə “Sosial xidmətin inkişafı” tvinninq layihəsi xüsusi önəm kəsb edib”.
S.Müslümov diqqətə çatdırıb ki, sosial xidmətlərlə təminatın Aİ-nın ən yaxşı təcrübələrinə uyğun qurulması üçün strateji çərçivənin yaradılması, bu strateji sənədə əsasən mövcud qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan sənəd layihələrinin hazırlanması layihədə nəzərdə tutulan komponentlərdəndir. Həmçinin sosial xidmətlər sisteminin Aİ-nın ən mütərəqqi praktikaları əsasında modernləşdirilməsi, bu sahədə insan resurslarının inkişafı layihədəki komponentlər sırasında olub: “Qeyd olunan komponentlərə uyğun aparılan işlərin müsbət nəticələrindən biri kimi, ölkəmizdə sosial xidmətlərin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün “Sosial xidmətin inkişafı Strategiyası”nın layihəsi hazırlanıb. Habelə müvafiq qanunvericiliyin inkişafı məqsədilə təkliflər verilib. Önəmli məqamlardan biri olaraq, layihə çərçivəsində ölkəmizdə sosial xidmətlərdə yeni “Sosial iş” modelinin tətbiqi nəzərdə tutulub və bununla əlaqədar həmin model üzrə vəzifə təlimatı da hazırlanıb”.
Nazir qeyd edib ki, “Sosial iş” modeli sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmətlər göstərilməklə, onların problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsinə, sosial xidmətlərin onlar üçün əlçatan səviyyədə qurulmasına, həmin insanların sosial və psixoloji ehtiyaclarının müəyyən edilərək aradan qaldırılmasına istiqamətlənib. Bu modeldə sosial xidmətlərin göstərilməsi üçün sosial müdafiəyə ehtiyacı olan şəxslərin əhatə dairəsi də genişdir, yəni buraya əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və b. daxildir. “Sosial iş” modelinin tətbiqi ilə əlaqədar 4 pilot ərazi (Xəzər, Lənkəran, Xaçmaz rayonları və Gəncə şəhəri) seçilib. Həmin rayonların sosial xidmətlərin göstərilməsi üzrə işçi heyəti, inzibati vəzifə tutan əməkdaşlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin aidiyyəti sahə üzrə müəllim heyəti üçün tvinninq layihəsi çərçivəsində təlimlər keçirilib. Onlar beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu təlimlərdə sosial xidmətlər sahəsində qabaqcıl beynəlxalq təcrübəni öyrənib, bilik və bacarıqlarını artırıblar. Təlimlərin sonunda isə iştirakçılara sertifikatlar verilib.
S.Müslümov bildirib ki, eyni zamanda, layihə Avstriyanın müvafiq qurumları ilə sıx əməkdaşlıqda həmin ölkənin sosial xidmətlər sahəsində siyasətini, qanunvericilik bazasını və iş praktikasını öyrənməyə imkan verib: “Ümumilikdə layihə çərçivəsində görülən işlər “Sosial iş” modelinin ölkəmizdə uğurlu tətbiqinə dəstək verib və bu yeni modelin reallaşdırılması sosial xidmətlərin inkişafında, kəmiyyət və keyfiyyətinin artırılmasında, həmin xidmətlər sistemində səmərəlilik prinsipinin təmin olunmasında öz faydasını verəcəkdir”.
M.Mard bundan əvvəl Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi məqsədilə də tvinninq layihəsinin həyata keçirildiyini, həmin layihə kimi, “Sosial xidmətin inkişafı” tvinninq layihəsinin də müsbət nəticələr verməsindən məmnunluğunu ifadə edib. O, yekunlaşan tvinninq layihəsinin ölkəmizin sosial xidmətlər sisteminin müasir tələblərə uyğun formalaşdırılması işlərinə öz töhfəsini verdiyinə ümidvar olduğunu bildirib. M.Mard birgə layihələrin uğurla başa çatmasının əməkdaşlığın yeni istiqamətlərdə davamı və genişləndirilməsi üçün yaxşı əsas yaratdığını vurğulayıb.
A.Vex “Sosial xidmətin inkişafı” tvinninq layihəsinin Avstriya ilə Azərbaycanın müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, bu gün Azərbaycanda digər iş sahələri kimi, sosial xidmətlərin də qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi təqdirəlayiqdir.
Tədbir yerli və beynəlxalq ekspertlərin moderatorluğu ilə “Sosial xidmətin inkişafı” tvinninq layihəsi üzrə konkret istiqamətlərdə aparılan işlərə və onların nəticələrinə dair müzakirələrlə davam edib.

Təhsil-press.az

Oxşar xəbərlər