Akademik Rəfiqə Əliyeva BDU-da anıldı

Akademik Rəfiqə Əliyeva BDU-da anıldı Bu gün Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Tədbir universitetin Böyük akt zalında davam edib.
Rektor Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın pedaqoji xidmətlərindən danışıb. Bildirib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetişdirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər. Rektor Rəfiqə Əliyevanın araşdırmalarının kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunduğunu deyib. Onu da əlavə edib ki, Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Bu tədqiqatları inkişaf etdirmək üçün universitetdə böyük əzmkarlıq və gərgin zəhmət hesabına yeni, müasir bir elm mərkəzi - ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaratmışdı. Rəfiqə xanım istedadlı və bacarıqlı gəncləri həmin laboratoriyaya cəlb edərək ekologiyanın aktual problemləriylə bağlı apardıqları tədqiqat işləri ilə onu ölkənin ən qabaqcıl elm mərkəzinə çevirə bilmişdi. Rəfiqə xanım haqda xoş xatirələrini bölüşən rektor onu böyük bir nəslin ən parlaq nümayəndələrindən biri və ən gözəl keyfiyyətlərini özündə birləşdirən ziyalı xanım olduğunu xüsusilə qeyd edib, akademikin məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü, ölkəmizin ali mükafatı olan“Şöhrət” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Rəfiqə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb.

Mətbuat və İnformasiya şöbəsi


Akademik Rəfiqə Əliyeva BDU-da anıldıAkademik Rəfiqə Əliyeva BDU-da anıldı

Oxşar xəbərlər