Anarla üz-üzə

Anarla üz-üzə Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri yazıçını təəccübləndirdilər

Günel BAĞIROVA


“Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır”, - deyirlər. A.Martin yazırdı: “Kitab oxumayan insanlar yalnız bir həyat yaşayırlar”. Mütaliəyə marağın artırılması, milli ədəbi irsimizi öyrənmək və öyrətmək hər birimizin ən əsas məqsədi olmalıdır. Məhz bu fikri əsas tutaraq, “Görkəmli səxsiyyətlərlə görüş” layihəsinin yaradıcıları - akademik Zərifə Əliyeva adına liseyin direktoru, əməkdar müəllim, filologiya üzrə elmlər doktoru Mehriban Vəliyeva və İnformasiya - resurs mərkəzinin (kitabxana) rəhbəri İradə Hacızadənin təşəbbüsü ilə növbəti görüş Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla keçirildi. Yanvarın 9-da keçirilən görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Anarşünas və yazıçı Pərvin, Təhsil Nazirliyinin nümayəndələri Almaz Əsgərova, Hüseyn Mirzəyev və media mənsubları da iştirak edirdilər.
Tədbiri liseyin direktoru Mehriban Vəliyeva açaraq qeyd etdi ki, biz şagirdlərimizin hərtərəfli inkişaf etməsini, biliklərə dərindən yiyələnməsini istəyirik. Çağdaş zamanda savadlanmağın, dünyagörüşünü artırmağın yolları çoxdur. Amma bizə belə gəlir ki, xalq yazıçısı Anar kimi görkəmli şəxsiyyətlərimizi təkcə onların kitablarından yox, həm də onlarla üz-üzə, bax belə görüşlərdə öyrənməliyik. Həmçinin xoşbəxtik ki, bu il Anar müəllimin 80 illik yubiley tədbirlərinə də bizim lisey start verir.
Anar müəllimin əsərlərini hər yaşda bir cür qavrayır, hiss edirik. Bir neçə sənətkar var ki, onların yaradıcılığına təkrar-təkrar qayıtmaq, yenidən oxuyub, ayrı yöndən dərk etmək lazım olur. Anar müəllim də belə sənətkarlarımızdandır. Təxminən iki aydır ki, biz şagirdli, müəllimli, hamımız Anar yaradıcılığı ilə yaşayırıq. Hamımız bu böyük yazıçını sevə-sevə oxuyuruq, həmçinin şagirdlərimizə də oxudub, müzakirələr edirik. Əlbəttə, Anar müəllim bir çox suallara elə əsərlərindəcə cavab verir. Amma biz istədik ki, bu gün onunla üz-üzə olub bəzi məsələləri özündən soruşaq... Lakin daha öncə sizləri Anarın şəhərinin sakinləri ilə görüşdürmək istədik...
Əməkdar artist, liseyin dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlunun onun müxtəlif hekayələri əsasında hazırladığı, əsas rolları liseyin şagirdlərinin canlandırdığı, “Asılqanda işləyən qadının söhbəti”, “Mən, Sən, O və telefon”, “Taksi və vaxt” və digər hekayələr əsasında hazırlanan “Anar şəhərinin sakinləri” adlı kiçik tamaşa böyük maraqla izlədi. İradə Hacızadə və 11a1 sinif şagirdi Ziya Muxtarovun hazırladığı “Ömür yolu” adlı videoçarxa baxdı, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bağırovanın ona həsr etdiyi və liseyin məzunu, Tibb Universitetinin tələbəsi Əli Əliyevin səsləndirdiyi “Mən kiməm?” monoloqunu dinlədi, ona ünvanlanan sualları cavablandırdı, liseyin İKT üzrə direktor müavini Kərim Tahiroğlunun hazırladığı “Breyn Rinq”də şagirdlərlə yarışdı.
Xoşbəxt idik... O da, biz də... Hər xəyalın sonu kimi bu görüşün də sonu var idi. Sonda 10r4 sinif şagirdi Şahin Əlibəylinin çəkdiyi portret, Azərbaycan dili və ədəbiyyat müəllimi G.Bağırovanın yazıçının “Mən, sən, o və telefon” əsərindən təsirlənərək qələmə aldığı “Bitməyən əlvida” hekayəsi ona təqdim olundu.
Təəssüratları soruşulduqda xalq yazıçısı Anar dedi: “Bilirsiniz, əslində çox yerlərə dəvət edirlər, görüşlərdə oluruq. Amma səmimi deyim, uzun illərdir ki, bu qədər təsirləndiyim, təəccübləndiyim olmamışdı. Liseyin şagirdləri hekayələrimin qəhrəmanlarını professionallara xas şəkildə təqdim etdilər. Həmçinin mənim dilimdən yazılmış mətn, hazırlanan video da çox təsirlidir. Eyni zamanda tədbirdən əvvəl direktor Mehriban xanım liseyin uğurlarından, keçirilən tədbirlərdən, şagirdlərin imtahanlarda göstərdiyi nəticələrdən danışdı. Bütün bunlar bizi çox qürurlandırır. Əslində elə arzuladığımız da budur. Yeni gələn nəslin milli-mənəvi dəyərlərimizə, sənətə, sözə, ədəbiyyata bağlı böyüməsini istəyirik. Mən bu tədbirin təşkilatçılarına öz təşəkkürlərimi çatdırıram”.
Yaddaşımızın kitabında bir səhifə açıldı və orada Onun fikirləri yazılırdı: “Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoyub getməlidir. Yazıçı xoşbəxtdir. Onun səsi kağıza yapışır”.
Ömrümüzdən bir Dahi keçdi. Kini, nifrəti məchul bir yerdə buraxan, zənginliyi xəyalları, ən vəfalı dostu isə sevgi olan, İnsan ürəyi insanlığı sevmək üçün yetərli olan bir Dahi. Danışdı... Dinlədik... O danışanda nə qədər zamanın keçdiyini hesablamağa belə macal tapmadıq. Susduq... “Sizsiz” əsərində yazdığı kimi: “Mən yaşadıqca Onlar da yaşayırlar. Göz yaddaşımda- işıqlı çöhrələri, üzlərinin ifadəsi, sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti; Qulaq yaddaşımda-səsləri, sözləri, sətirləri, danışıq ədaları; Beyin yaddaşımda- fikirləri, amalları, inamları, aldanışları; Qəlb yaddaşımda - ümidləri, nisgilləri, sevgiləri... “Onun da səsini qulağımıza, nurlu simasını gözlərimizə, fikirlərini beynimizə, imzasını isə əbədi olaraq qəlbimizə həkk etdik. O, Qəlb şəhərimizin əbədi sakini oldu. Qaranlığımızı nurlandırdı, qəlbimizin zirvəsinə əsla qürub etməyəcək bir Günəş yerləşdirdi. Əsərlərinin birində yazdığı kimi: “Vaxtın ətəyindən yapışıb saxlamaq istəyirəm”. Biz də istəyirdik, amma bilirdik ki, vaxtı dilə tutmaqda acizik... Bizlərə bir ömür unutmayacağımız xatirə hədiyyə edərək vidalaşdı. Anladıq... Bitməyən Əlvidaya bənzəyirdi bu Əlvidası...
Sonda akademik Zərifə Əliyeva adına liseylə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq müqaviləsi də imzalandı.
- Əziz yazıçımız! Siz qəhrəmanlarınızı da, səsinizi duyan, sizin əsərlərinizi oxuyan hər kəsi də bəxtiyar edirsiniz. “Yağışlı gecə” də yazdığınız kimi: “Daha bizə nə qalır? Yazmaq... Yazmaq... Qəhrəmanlarımızı bəxtiyar edirik. Qəhrəmanlarımızın sevdikləri taksilərdə əbədi getmirlər. Getsələr də qayıdırlar. Mütləq qayıdırlar”.
Anar müəllim! Siz bizə sevginizi, inamınızı, ümidinizi hədiyyə qoyub getdiniz. Ədəbiyyat eşqini qəlbimizdə bir daha alovlandırdınız. Daha bizə nə qalır? Gözləmək... Gözləmək... Gözləmək... Biz bir gün yenə görüşəcəyik. Mütləq görüşəcəyik.

Oxşar xəbərlər