ADU Türk Universitetlər Birliyinin üzvü seçilib

ADU Türk Universitetlər Birliyinin üzvü seçilib Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova Bişkekin Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən, Türk Universitetlər Birliyinin üçüncü ümumi yığıncağında iştirak edib.
Yığıncaqda ADU Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv seçilib. Türkdilli ölkələr arasında işbirliyini təmin edən bu beynəlxalq qurum 2009-cu ildən fəaliyyət göstərir. Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan adıçəkilən TDƏŞ-in yaradıcılarıdır.
Tədbirdə J.Qəribova ADU-nun yaranma və inkişaf tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə təqdimatla çıxış edib.
Universitetdə fəaliyyət göstərən fakültə və kafedralar haqqında məlumat verən J.Qəribova buradakı departament, mərkəz, şöbə və elmi-tədqiqat laboratoriyalarının fəaliyyətindən də söz açıb.
ADU-nun dünyanın bir çox universitet və təşkilatları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzaladığını, beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran J.Qəribova son on ildə 500-dən çox tələbənin bu proqramlar çərçivəsində dünyanın müxtəlif universitetlərində təhsil aldığını deyib.
Prorektor hər il ADU-da universitetin uğurlu fəaliyyəti nəticəsində ingilis, alman, fransız, macar, polyak, italyan, ispan, yapon, Koreya, Çin və digər dillərin tədrisi üzrə dünyanın bir çox ölkələrindən müəllim və mütəxəssislərin tədris proqramlarına cəlb edildiklərini, eyni zamanda, xarici tələbələrin təhsil aldığını qeyd edib.
J.Qəribova, həmçinin ADU-nun Türkiyənin bir çox universitetləri ilə müqavilə imzaladığını, “Erasmus +”, Mevlana proqramı çərçivəsində əməkdaşlıq etdiyini bildirib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər