Rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə başlanılıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 12 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 95 vakant icraçı və rəhbər vəzifələrə (AB, AC, BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – iyunun 2-dək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə DİM-in internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və mayın 2-dən iyunun 2-dək saat 18:00-dək (30 gün müddətində) DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak üçün qeydə alınmır.
Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunmuş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandıqda namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız sayılır. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar DİM tərəfindən qəbul olunur və namizədə bu barədə üç iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız sayılması səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyənləşdirilir:
• struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
• vəzifə təlimatlarında vəzifə üzrə müəyyənləşdirilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (38), Əmlak Məsələləri Dövlət Komitəsi (18), Səhiyyə Nazirliyi (18) tərəfindən təqdim olunub. Təqdim edilən ən yüksək vakant vəzifə Səhiyyə Nazirliyinin səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsi müdirinin müavinidir.
Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:
• Səhiyyə Nazirliyi (18 vakant vəzifə) AB2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 8, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2
• Maliyyə Nazirliyi (5 vakant vəzifə) BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4
• Əmlak Məsələləri Dövlət Komitəsi (18 vakant vəzifə) BA4 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 6, BB4 altqrupu üzrə 8
• Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1
• Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2
• Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1
• Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5
• Xaçmaz Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (38 vakant vəzifə) AB3 altqrupu üzrə 4, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 11, BB4 altqrupu üzrə 21
• Tarif (Qiymət) Şurasının Katibliyi (1 vakant vəzifə) BA4 altqrupu üzrə 1
• Yardımlı Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1
• Qusar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1.
Əlavə olaraq qeyd edək ki, müsabiqəyə çıxarılmış 95 vakant inzibati vəzifədən 5-i AB vəzifə qrupu,1-i AC vəzifə qrupu, 19-u BA vəzifə qrupu, 70-i isə BB vəzifə qrupuna aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər