UFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib

UFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Strasburq və “Ren 1” universitetlərinin rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, “Airbus DS France”nın prezidenti Nikola Şamussi və “Azerkosmos”un prezidenti Rəşad Nəbiyev iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş arxiv sərgisi ilə tanış olublar.
Sonra nazirlər Fransanın “Thales”, Azərbaycanın “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar.
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Azərbaycan-Fransa əlaqələrinin, o cümlədən iki ölkənin təhsil sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıb.
Nazir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilən sərginin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən C.Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələ olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla davam etdirilməsi təhsil sahəsində geniş əməkdaşlığın nəticəsidir.
Ceyhun Bayramov UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirib.
Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ölkələrimiz arasındakı əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü bildirən fransalı nazir bu görüşün əhəmiyyətini vurğulayıb.
28 may - Respublika Günü münasibətilə fikirlərini bölüşən Jan-İv Lö Drian Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.
Fransalı nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın, UFAZ layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Fransanın “Thales”, Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sonra UFAZ-da təhsil alan tələbələrlə görüş keçirilib.
Qeyd edək ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) iki ölkə prezidentlərinin təşəbbüsü ilə yaranıb. UFAZ-da 4 ixtisas - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində olub. Hazırda universitetdə 284 tələbə təhsil alır.
UFAZ-ı bitirən məzunlar iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren 1 Universiteti və ADNSU) alacaqlar.

Hüseyn Şərifov


UFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilibUFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilibUFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilibUFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib

Oxşar xəbərlər