ADNSU-nun rektoru Strasburq Universitetinin vitse-prezidenti ilə görüşüb

ADNSU-nun rektoru Strasburq Universitetinin vitse-prezidenti ilə görüşüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti, xarici tədqiqat və təlim əlaqələndiricisi, professor Filip Turek ilə görüşüb.
Strasburq Universiteti ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi üzrə ali məktəbin tərəfdaşıdır. Görüşdə UFAZ-ın idarəçilik və tədris məsələləri, görüləcək işlər və gələcək planlar müzakirə olunub. Tərəflər UFAZ-dakı tədris prosesi, müəllimlər, laboratoriyaların təşkili, maliyyə məsələləri, fransalı pedaqoqların tədrisə cəlb olunmaları, tədris planları və digər məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə növbəti tədris ilindən UFAZ-ın tələbələri üçün beynəlxalq standartlara cavab verən laboratoriyaların qurulması məsələsinə də toxunulub. ADNSU-nun rektoru, professor M.Babanlı fransalı professor və pedaqoqların UFAZ-a cəlb olunmalarının və növbəti ildən daha geniş müəllim heyətinin yığılmasının əhəmiyyətini Strasburq Universitetinin nümayəndəsinin diqqətinə çatdırıb.
Professor F.Turek UFAZ-da tədris prosesi və tələbələrin davamiyyəti ilə tanış olduğunu, azərbaycanlı tələbələrin bilik göstəricilərindən məmnun qaldığını bildirib.
Qeyd edək ki, UFAZ-da tədris prosesini müşahidə etmək məqsədilə hər ay Fransadan bir ekspert Azərbaycana ezam olunur. Ekspertlər universitetdəki dərs prosesi və cədvəlləri, müəllimlərin tədris metodlarını və digər prosesləri izləyir, cari məsələləri müzakirə edirlər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər