Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF), Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA) və Sosial Rifah üzrə Beynəlxalq Şuranın birgə təşkilatçılığı ilə İrlandiyanın paytaxtı Dublin şəhərində 4-7 iyul tarixlərində “Sosial İş, Təhsil və Sosial İnkişaf: Dayanıqlı ətraf mühit və icma – İnkişaf edən cəmiyyətlərdə insani həll yolları”(SWSD2018) mövzusunda ortaq Dünya Konfransı keçirilir. Konfransda BSİF-ə üzv olan bütün ölkələrin peşəkar sosial iş assosiasiyaları, universitetlər və dövlət qurumlarının nümayəndələri iştirak edir. Azərbaycanı konfransda Azərbaycan Sosial İş İctimai Birliyinin İcraçı Direktoru Lamiyə Rzayeva (BSW, MSc) təmsil edir. 4 iyulda keçirilən Post-Sovet Ölkələri üzrə paneldə Azərbaycan Sosial İş İctimai Birliyi, Gürcüstan Sosial İşçilər Assosiasiyası, Moldova Sosial İşçilər Assosiasiyası və Tacikistan Sosial İşçilər Assosiasiyası birlikdə ortaq seminar həyata keçirmiş və sosial iş təhsili ilə bağlı son nailiyyət və çətinliklər haqqında müzakirələr aparmışdır. Azərbaycan adından Lamiyə Rzayeva “Azərbaycanda Sosial İş” mövzusunda təqdimat ilə seminarda çıxış etmişdir. Qeyd edək ki, konfrans 7 iyul tarixində öz işini başa çatdıracaq.
Tehsil-press.az
Tehsil-press.az