Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı olub

Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı olub Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” məqalələr toplusunun təqdimat mərasimi keçirilib.
Tədbirdə tanınmış dilçi alimlər, media nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov diqqətə çatdırıb ki, milli dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin dövlət dili kimi inkişafı, tədrisi, müxtəlif sahələrdə tətbiqi prosesində hər bir vətəndaşın, xüsusilə ziyalıların rolu böyükdür. Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri onu deməyə əsas verir ki, telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələri üzrə pozulur.
Vurğulanıb ki, ötən ilin oktyabrında Bilik Fondunun Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının dəstəyi ilə reallaşdırdığı “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində bir sıra teleradio kanallarında keçirilən təlimlərdə iştirakçılara dilçilik, nitq mədəniyyəti ilə bağlı nəzəri biliklər verilməklə yanaşı, onlar üçün təcrübi məşğələlər də təşkil olunub. Bu tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin jurnalistika və filologiya fakültələrinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri təlimçi qismində iştirak ediblər.
Bildirilib ki, layihənin “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV” (Gəncə) və “ARB-24 Xəbər” (Tovuz) kanallarında həyata keçirilən ilkin mərhələsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü və dəstəyi ilə dilin saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli məqalələr toplusu hazırlanaraq Nəsimi adına Dilçilik İnstitutunun və Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunub.
Nəsimi adına Dilçilik İnstitutundan Sayalı Sadıqova, Sevinc Məmmədova, Sevinc Əliyeva və Nəzakət Qazıyeva, Bakı Dövlət Universitetindən Təranə İsmayılova, Mehriban Əlizadə və Nəsir Əhmədli, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən Azad Şükürov “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin əhəmiyyətini və dərc olunan eyniadlı topludan jurnalistlərlə yanaşı, ana dilimizin təəssübünü çəkən hər kəsin yararlana biləcəyini vurğulayıblar.
Layihənin növbəti mərhələsində televiziya verilişlərinin digər yayımçılarının da cəlb olunması, aparıcılar arasında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı müsabiqənin keçirilməsi kimi təkliflər səsləndirilib.
Tədbirdə Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişafı məqsədilə regionlarda həyata keçirəcəyi “Dilimiz sərvətimizdir” maarifləndirici layihəsi barədə məlumat verilib. Layihədə Azərbaycan dilini tədris edən təhsil işçiləri, yerli KİV nümayəndələri, məktəblilər və tələbələrin iştirakı nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər