Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun fəxri fərmanı ilə təltif olunub

Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun fəxri fərmanı ilə təltif olunub Ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində getdikcə möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz hesab edilən dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Rus Pravoslav kilsələrində, eləcə də Alban-Udi xristian icmasında “Azərbaycan dili” üzrə təlim kursları təşkil olunub. Dövlət dilini rusdilli vətəndaşlara təcrübəli dil və ədəbiyyat müəllimləri tədris edirlər. Hər il kursu uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunur. Dinləyicilər Bilik Fondu tərəfindən dərslik və lüğətlərlə, danışıq kitabçaları və əyani vəsaitlərlə təmin edilirlər. Həmçinin təlimlər zamanı onlar Azərbaycan dilində film və teatr tamaşalarına dəvət edilir, muzey və sərgilərlə tanış olur, tanınmış yazıçılar və mədəniyyət xadimləri ilə görüşür, fondun maarifləndirici layihələrinə qatılırlar.
Fevralın 28-də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein ilə görüşüb.
Görüşdə O.Səmədov Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliği ilə bağlı Bilik Fondunun maarifləndirici layihələrində fəal iştirak etdiyinə görə fondun fəxri fərmanını din xadiminə təqdim edib.
Görüşdə, həmçinin Aleksandr Atanın dəstəyi və Bilik Fondunun təşkilatçılığı ilə bu qurumun “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə Bakıdakı “Jen Mironosets” və “Mixail Arxangel” kilsələrində təşkil olunmuş Azərbaycan dili üzrə ödənişsiz təlim kurslarının fəaliyyəti, təlimlərlə yanaşı, digər tədbirlərin təşkili ilə bağlı məsələlər müzakirə edilib, əhalinin dini maarifləndirilməsi istiqamətində birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun maarifləndirici fəaliyyətini yüksək dəyərləndirdiyini və bu qurumun fəxri fərmanına layiq görüldüyünə görə minnətdarlığını bildirib.

Kəmalə Rəhimli

Oxşar xəbərlər