Səfir: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Fransadan fəal iştirakını davam etdirməsini gözləyir (ÖZƏL)

Səfir: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Fransadan fəal iştirakını davam etdirməsini gözləyir (ÖZƏL) Azərbaycan gözləyir ki, Paris Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutmağın vacibliyi barədə Ermənistanın yeni rəhbərliyinə ciddi mesaj göndərəcək.
Bu barədə Təhsil-press.az-a müsahibəsində bu ay Azərbaycan Prezidenti İlham Əliyevin Fransa səfərinin yekunlarını şərh edərkən ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev deyib.
Səfir bildirib: "Hər şeydən öncə bildirim ki, Azərbaycan Prezidenti Fransanın yeni prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qaabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi catdırdı. Düşünürəm ki, Prezident Makron bu münaqişə ilə bağlı ilk dəfə obyektiv təsəvvür əldə etdi. Bizim mövqeyimiz sadədir və beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki prezidentin səhvlərini təkrarlamayacaq, mümkünsüz tələbləri irəli sürərək, danışıqlar prosesini imitasiya etməklə məşğul olmayacaq, dialoq və real danışıqlar üçün masa arxasına oturacaq. Yeri gəlmişkən, qeyd edim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də buna çağırırlar".
Diplomat əlavə edib ki, Fransa Cənubi Qafqaz regionunda sabitliyin bərpası üçün xüsusi məsuliyyətini anlayır və münaqişənin sülh yolu ilə həlli üzərində işləməyə daim hazır olduğunu bəyan edir.
R.Mustafayev bildirib: "Ona görə də biz, Fransanın yeni rəhbərliyindən Minsk Qrupunun mandatına, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh prosesində aktiv təşəbbüskar rolunu davam edəcəyini gözləyirik. Həmçinin, biz gözləyirik ki, Paris Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutmağın və danışıqlar prosesinə qayıtmağın vacibliyi barədə Ermənistanın yeni rəhbərliyinə ciddi mesaj göndərəcək".
Səfir qeyd edib ki, ölkənin yeni rəhbərliyi ilə, xüsusən Fransa prezidenti, Milli Assambleya və Senat rəhbərləri ilə siyasi dialoqun möhkəmləndirilməsi, bu səfərin əsas vəzifələrindən biri olub.
Diplomat qeyd edib ki, Parisə səfər Azərbaycan Prezidentinin bir sıra Avropa rəsmiləri ilə - Brüsseldə Aİ Şurasının prezidenti və Bakıda İtaliya prezidenti ilə görüşlərindən sonra həyata keçirilib.
Diplomat deyib: "Avropa liderləri ilə başqa görüşlər də gözlənilir. Bütün bu faktlar ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsini, müstəqil xarici siyasət yeritməsini və regionda mühüm əhəmiyyət kəsb etməsini sübut edir".
R.Mustafayev əlavə edib ki, bu gün əksər Avropa liderləri anlayırlar ki, Bakının Avropaya meyllənməsi tək Azərbaycan üçün deyil, eləcə də Avropanın özü üçün də vacibdir.
Səfir bildirib: "Azərbaycan Avropa və Asiya, Avropa və İslam dünyası arasında fəal dialoq və əməkdaşlıq körpüsü rolunu oynayan dünyəvi müsəlman ölkəsidir. Bu, milli şovinizm, dini fanatizm və ekstremizmə yoluxmuş bütün region üçün sabitlik və təhlükəsizlik faktorudur. Bu, eləcə də inkişaf faktorudur. Belə ki, Bakı bu gün qitələri birləşdirən layihələr həyata keçirir, Asiya, Qafqaz və Avropa ölkələrində minlərlə iş yeri yaradır. Azərbaycanın bu strateji rolu bu gün Aİ ölkələrində də çox dəstəklənir və bizim ölkə ilə dialoqa, əməkdaşlığa maraq artır. Ona görə, Makronun Prezident İlham Əliyevi Fransaya dəvət etməsini bu prizmadan da nəzərdən keçirmək lazımdır".
Diplomat əlavə edib ki, Parisdə danışıqların əsas mövzularından biri də iqtisadi əməkdaşlıq və sərmayə məsələləri olub: "Azərbaycan Fransanın regionda aparıcı tərəfdaşıdır. Lakin təəssüf ki, son illər iqtisadi münasibətlərdə bir qədər azalma müşahidə olunub. Bu, Fransa biznesinin imkanlarını və Azərbaycan iqtisadiyyatının tələbatını əks etdirmir. Çünki bu gün ölkəmizdə qeyri-neft sektoru, kənd təsərrüfatı, rabitə və kommunikasiya, turizm sahələri fəal inkişaf edir. Fransa tərəfi bu imkanlardan, xüsusən Azərbaycanın Şimal və Cənub, Avropa və Asiya arasında körpü rolunu oynayan logistika imkanlarından istifadə edə bilər. Bütün bu faktorlar nəzərə alınmaqla, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün prioritet sahələr nəzərdən keçirilmişdir. Bu sahələr aviasiya, yerüstü nəqliyyat, energetika və ekologya, bank işi, infrastruktur layihələr, eləcə də, yeni metro stansiyalarının tikintisi, şəhər quruculuğu və memarlıq layihələridir. Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində 10-dan artıq dünyaca məşhur Fransa şirkətlərinin rəhbərləri ilə görüşlər keçirildi, 8 razılaşma və avianəqliyyat, ekologiya, tibbi təhlükəsizlik sahələrində müqavilələr imzalandı".
R.Mustafayev həmçinin Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi rolu barədə qeyd edib: "Heydər Əliyev Fondu Azərbaycan və Fransa arasında bütün sahələrdə, xüsusən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsində böyük rol oynayır və bu işdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük zəhməti var. Parisin mərkəzində, Azərbaycanın Fransadakı səfirliyi yanında mədəniyyət mərkəzinin tikintisini qeyd etməklə, mədəniyyət, elm və təhsil sahələrində Azərbaycan-Fransa münasibətlərinin əsasını məhz Heydər Əliyev Fondunun qoymasını desəm, səhv etmərəm. Bu gün həmin mədəniyyət mərkəzi Parisdə Fransa və Azərbaycanın mədəniyyət, elm, siyasət və biznes nümayəndələrinin iştirakı ilə tədbir və layihələrin, dəyirmi masaların, təqdimatların, konsert və işguzar görüşlərin keçirilməsi üçün məşhur məkan olub. Çox vaxt bizə Parisdə akkreditasiya olunmuş beynəlxalq təşkilatlar və diplomatik missiyalardan bizim mərkəzdə tədbir və layihələr keçirmək üçün müraciət edirlər. Beləliklə, mədəniyyət mərkəzi bir neçə il öncə Heydər Əliyev Fondu və şəxsən Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qoyulmuş əsas missiyasını - yalnız Azərbaycan və Fransa arasında deyil, həm də daha geniş formatda dialoq və əməkdaşlığın möhkəmlənməsi üçün nüfuzlu Avropa meydanı olmaq rolunu real şəkildə həyata keçirir".

Tehsil-press.az

Oxşar xəbərlər