Robot dərsə gedir

Robot dərsə gedir Kubi sistemi tələbəni əvəz edir
Robot-müəllimlər haqqında danışmaq artıq adi hala çevrilib. Bəs robot-tələbələr barədə nə demək olar?. “Teleiştirak sistemi” universitetə gedə bilməyən tələbələrə robotlar şəklində məşğələlərə qatılmağa imkan verir. Teleiştirak robotu müvəqqəti olaraq evdə qalan tələbənin yerinə dərsə gedir. Bu cür qurğular ilk növbədə xəstəlik səbəbindən dərsə gedə bilməyən tələbələr üçün nəzərdə tutulub. Bu robotlar universitetlər üçün də məşğələlərin onlayn yayımından fərqli olaraq daha asandır. Siz sadəcə hər bir məşğələnin videokonfransını təşkil etmək zəruriliyindən xilas olursunuz, robotun köməyi ilə tələbə bütün həmyaşıdları ilə bərabər olaraq məşğələlərdə iştirak edə, sinifdə gəzişə, qrup yoldaşlarının üzünü görə, bir auditoriyadan digərinə keçə bilər.
Kolorado Universitetində aparılmış eksperiment gedişində tədrisdə virtual robotlardan istifadənin səmərəliliyi yoxlanılıb. Semestr ərzində fiziki cəhətdən məşğələlərə gedə bilməyən 11 tələbə Kubi robotunun köməyi ilə oxuyub.
Sınaqlar göstərib ki, “teleiştirak” o qədər də böyük olmayan auditoriyalarda kiçik dinləyici qruplarına keçilən dərslərdə çox səmərəlidir. Kubi vasitəsilə kursları keçmiş tələbələrin nəticələri əyani təhsil alan tələbələrin nəticələrindən o qədər də fərqlənməyib. Universitetin nümayəndəsi bildirib ki, Kubi sistemi istifadədə çox sadədir və onu tədris prosesinə tətbiq etmək asandır. Həmçinin, robot müəllimlərin işinə minimal təsir göstərir, onlara dərsin gedişini yenidən qurmaq lazım deyil.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər