AZƏRBAYCAN ALİMLƏRİNİN HAZIRLADIĞI FƏSLİN “HANDBOOK OF POROUS SILICON” KİTABINDA YER ALMASI HAQQINDA

AZƏRBAYCAN ALİMLƏRİNİN HAZIRLADIĞI FƏSLİN “HANDBOOK OF POROUS SILICON”  KİTABINDA YER ALMASI HAQQINDA Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun laboratoriya rəhbərləri, akademik Təyyar Cəfərov və professor Ayaz Bayramov tərəfindən hazırlanan “Məsaməli silisium və Günəş elementləri” (“Porous silicon and Solar Cells”) adlı fəsil 2018-ci ilin iyun ayında “Springer” (Almaniya) nəşriyyatında iki cildli “Handbook of Porous Silicon” soraq kitabında çap olunub. Həcmi təxminən 1600 səhifə olan kitabın redaktoru, məsaməli silisumu kəşf edən və araşdıran məşhur ingilis alimi L. Kanxamdır (L. Canham). Kitab 110 fəsildən ibarətdir və fəsillərin müəllifləri Kanxam tərəfindən dünyanın 40 ölkəsindən dəvət olunan, nano-strukturlu silisium texnologiyası və tədqiqatları sahəsində aktiv işləyən tanınmış alimlərdir (İngiltərə, ABS, Almaniya, Meksika, İzrael, Yaponiya, Türkiyə, İspaniya, Belcika, Finlandiya, Avstriya, İtaliya, Koreya, Rusiya vs). Kitabda nano-məsaməli silisiumun texnologiyasına, quruluşuna, optik, lüminessensiya, elektrik, maqnit, termik və s. xassələrinə, materialın optoelektronika, foto-voltaika, hidrogen-voltaika, sensorika, akustika, bio-tibbdə və s. istifadə edilməsinə aid fəsillər yer alır. Adıçəkilən kitabda T. Cəfərov və A. Bayramovun nano-məsaməli silisiumun fotovoltaik günəş elementlərində istifadə edilməsinə aid araşdırmalarının nəticələri və bu istiqamətdə son 30 ildə dünyanın elmi mərkəzlərində görülən işlərin icmalı verilib.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər