Psixoloq: Məktəbi uşaqlara sevdirmək lazımdır

Psixoloq: Məktəbi uşaqlara sevdirmək lazımdır Artıq bir neçə gündən sonra yay tətili bitir və beləliklə məktəblilərin səbirsizliklə gözlədikləri dərs ili başlayır. Həmin günün başlanmasına ən çox sevinənlər isə birinci sinfə qədəm qoyacaq uşaqlardır. Çünki onların həyatlarında yeni bir mərhələ başlayır. Bu uşaqlar arasında adaptasiya problemi ilə qarşılaşanlar da az olmur.
Bakının Nizami rayonundakı 214 nömrəli məktəbin psixoloqu Vüsalə Məmmədova bu məsələ ilə bağlı fikirlərini Tehsil-press.az-a bildirib.
Onun sözlərinə görə, birinci sinfə gedən uşaqlar məktəb mühitinə - təlim prosesinə, nizam-intizam qaydalarına və s. uyğunlaşmağa başlayırlar. Bu isə uşaqlarda psixoloji–sosioloji adaptasiya problemləri yaradır. Həmin problem məktəbəqədər hazırlıq qrupunda iştirak etməyən şagirdlərdə daha çox müşahidə olunur.
“Hesab edirəm ki, məktəbi uşaqlara sevdirmək lazımdır. Əgər övladınız məktəbə hər hansı sevdiyi əşyanı və ya oyuncağı aparmaq istəyirsə ona mane olmaq lazım deyil. Çünki uşaq özü başa düşməlidir ki, bura bağça yox, məktəbdir. Bir çox halda valideynlər uşağın psixoloji vəziyyətindən daha çox onun aldığı qiymətlərlə maraqlanırlar. Bu, düzgün deyil. Belə olan halda uşaq valideyninin və ya yaxınlarının onu təkcə dərslərindəki uğura görə sevdiyini düşünməyə başlayır. Uşaqların kiçik uğurları ilə də sevinmək və onu hər zaman dəstəkləmək lazımdır”, - deyə V.Məmmədova bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər