Vladimir Putin: Xəzər dənizinin statusu haqqında Konvensiya Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb

Vladimir Putin: Xəzər dənizinin statusu haqqında Konvensiya Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb Xəzər dənizinin statusu haqqında Konvensiya Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Prezident V.Putin bildirib ki, Rusiya və Azərbaycan birgə infrastruktur layihələri həyata keçirirlər:
"Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması davam edir. Bu, Avropa və Asiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Bu miqyaslı, həqiqətən irimiqyaslı böyük iş, yaxud təşəbbüs çərçivəsində ölkələrimizin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.
Xəzər dənizinin statusu haqqında Konvensiya da bizim dövlətlərimiz arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Sözsüz ki, bu, irəliyə doğru gedən qərardır. Sözsüz, orada hamının işləməsi, tammiqyaslı implementasiyaya nail olmaq üçün çox iş görmək lazımdır. Amma artıq mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün bizə yaxşı baza yaradır. Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və sözsüz ki, Xəzərin bioehtiyatlarının və biomüxtəlifliyinin qorunması sahəsində".
Rusiya dövlət başçısının sözlərinə görə, turizm sahəsində ikitərəfli əlaqələr intensiv inkişaf edir:
"Yeri gəlmişkən, Azərbaycan sahibkarlarının sayəsində Yessentukidə sanitar-kurort mərkəzi inşa edilib. Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Həmçinin Xəzərdə birgə dəniz kruiz səyahətlərini inkişaf etdirməyi planlaşdırırıq.
Əlbəttə, Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirlər. Azərbaycan Prezidenti bu barədə indicə danışdı. İndicə səsləndiyi kimi, Bakıda bizim iki iri ali məktəbin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Elmi və tələbə mübadilələri genişlənir. Rostovun Nəqliyyat Yolları Universiteti, Həştərxan Universiteti azərbaycanlı tərəfdaşlarla yüksək peşəkar kadrların hazırlanmasına dair proqramlar işləyib hazırlayırlar, ilk növbədə, iqtisadi ixtisaslar üzrə. Biz sözsüz ki, ölkələrimizin təhsil, mədəniyyət və elm sahələrində əlaqələrini gələcəkdə də hər cür stimullaşdırmaq niyyətindəyik. Xüsusilə qeyd edirəm, biz Prezidentlə Soçidə də bu haqda danışmışıq. Biz bunu görürük və biz bunu -Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk. Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir".

Tehsil-press.az


Oxşar xəbərlər