“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib

“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib Oktyabrın 16-da “Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi ilə birgə reallaşdırılan “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib.
Tədbirin məqsədi müvafiq dövlət qurumlarında və beynəlxalq təşkilatlarda çalışan təcrübəli mütəxəssisləri və digər maraqlı tərəfləri bir araya gətirmək, onları layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaq olub.
Konfransda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlardan danışıb. Qeyd edib ki, Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətlərində mühüm addımlar atılır.
Cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayan M.Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, təhsil islahatları cəmiyyətin bütün səviyyələrində maraqlar nəzərə alınmaqla, iqtisadiyyatın müxtəlif sektorlarının islahatı ilə paralel şəkildə həyata keçirilir. Bu baxımdan təhsil islahatları “Təhsil haqqında” Qanunun, eləcə də “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq bütün səviyyələri, o cümlədən ilk peşə təhsili, orta ixtisas və ali təhsilin bütün mərhələlərini əhatə edir. İslahatların kökündə duran əsas prinsip təhsilin müxtəlif səviyyələrinin idarə olunmasının cəmiyyətin və əmək bazarının tələblərinə uyğun səriştəli kadrların hazırlanmasına yönəlməsidir.
2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edilib. Bu sənəd kvalifikasiyaların keyfiyyətinin və şəffaflığının artırılması, kvalifikasiyalar üzrə təhsil standartlarının və təlim nəticələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün vahid tələblərin təmin edilməsi, ömürboyu təhsilin dəstəklənməsi və digər bu kimi məqsədləri müəyyənləşdirir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, son 15 ildə Azərbaycanda dayanıqlı və sabit əmək bazarı yaranıb. Yaxın aylarda ölkə əhalisinin sayının 10 milyon nəfəri keçəcəyini deyən nazir müavini vurğulayıb ki, hazırda əsas məqsəd işçi qüvvəsinin keyfiyyətinin artırılmasıdır. Bunun üçün isə kadr hazırlığının və peşə təhsilinin inkişafı diqqət mərkəzində olmalıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihə ilə bağlı fikirlərini bildirib, onun təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev layihənin icrasına cari ilin fevral ayından başlanıldığını qeyd edib, kvalifikasiyalar və dövlət təhsil standartlarının işçi qruplarının keçirdiyi müzakirələr barədə məlumat verib. O, “Milli Kvalifikasiyalar Çərçivəsi”nin Avropa təhsil məkanına inteqrasiyanı təmin edən əsas sənədlərdən biri olduğunu diqqətə çatdırıb.
Konfransda layihənin ekspertləri standartların, kurikulum və tədris materiallarının hazırlanması üzrə “Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələbləri, onun faydaları haqqında maraqlı tərəflərin məlumatlandırılması və keyfiyyət təminatına dair təqdimatlar edib, həyata keçiriləcək növbəti tədbirlərdən danışıblar.

Tehsil-press.az


Oxşar xəbərlər