Bir əsrlik tarixi olan “Azərbaycan məktəbi” jurnalı nüfuzlu elmi indekslərdə

Bir əsrlik tarixi olan “Azərbaycan məktəbi” jurnalı nüfuzlu elmi indekslərdə Yeni forma və məzmun nə vəd edir?
“Azərbaycan məktəbi” jurnalı 1924-cü ildən mütəmadi olaraq Azərbaycan müəllimlərinin, elmi-pedaqoji ictimaiyyətinin görüşünə gəlir. Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-nəzəri orqanı olan bu jurnal ölkənin pedaqoji mətbuat orqanları arasında uzunömürlülüyü ilə yanaşı, həm də dərc olunan məqalələrin elmi sanbalı ilə də seçilib. Bu jurnal bütün dövlərdə zamanın elmi-pedaqoji mənzərəsini mükəmməl şəkildə yaratmaqla, öz ətrafında dövrünün görkəmli alimlərini, müəllimlərini, metodistlərini birləşdirib. Azərbaycan müəllimləri Azərbaycanın, eləcə də dünyanın elmi-pedaqoji yeniliklərini məhz bu jurnalın səhifələrindən izləyə biliblər. Qabaqcıl müəllim təcrübəsi, dünya təhsilində, elmində baş verən yeniliklər, pedaqogikanın nəzəri problemləri, innovasiyalar, tədris prosesinə fərqli metodiki yanaşmalar jurnalın səhifələrində zaman-zaman peşəkarlıqla təhlil olunaraq oxucuya çatdırılıb. Fəaliyyətinin müxtəlif dövlərində “Yeni məktəb” (1924-1930), “Müəllimə kömək”(1930-1943) adını daşımış jurnalın ayrı-ayrı fənləri fundamental şəkildə əhatə edən əlavələri də çap olunub. Jurnal keçmiş sovetlər birliyinin, eləcə də dünyanın tanınmış alimləri, elmi nəşrləri, nazirlikləri ilə əlaqələr yaradaraq qabaqcıl dünya təcrübəsinin Azərbaycanda öyrənilməsinə yol açıb. Jurnalda Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Tağı Şahbazi Simürğ, Bəkir bəy Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif, Feyzulla Qasımzadə, Həmid Araslı, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Abbasqulu Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Mehdi Mehdizadə, Əhməd Seyidov, Ağəmməd Abdullayev, Hüseyn Əhmədov, Əjdər Ağayev, Mixail Prokofyev, Aleksandr Osipoviç, Artur Petrovskiy, Şalva Amonaşvili və s. böyük elm və sənət xadimlərinin imzaları olub.
“Azərbaycan məktəbi” jurnalı öz ənənələrinə sadiq qalaraq bu gün də ölkəmizin elmi jurnalları arasında yenilikçi ruhu ilə seçilməkdədir. Jurnalın 2018-ci ilin noyabrında çap olunmuş ikinci sayı ilə tanış olduqda bu qənaətə gəlmək mümkündür. Diqqət çəkən asas məqamlardan biri bundan ibarətdir ki, jurnalın bu sayından etibarən elmi məqalələrin indeksləşdirilməsinə başlanmışdır. Ümumiyyətlə, “Azərbaycan məktəbi” jurnalı elmi-pedaqoji nəşrlər arasında elmi məqalələrinin beynəlxalq nüfuzlu elmi indekslərdə indeksləndiyi ilk jurnaldır. Qeyd edim ki, elmi məqalələrin indeksləşməsi müəllif hüquqlarının qorunması, plagiatın qarşısının alınması, məqalələrin keyfiyyət dəyərinin, elmi aktuallığının müəyyən edilməsi, onlara istinad edilməsi baxımından əhəmiyyətə malikdir. Bəlli olduğu kimi, dünyada elmi məqalələrin indeksləşməsini həyata keçirən böyük qurumlar fəaliyyət göstərir. Web of Sciense (WOS) profili üzrə qurulan Web of Knowledge Core Collection bilik və informasiya bazası baxımından bu qurumların ən böyüyüdür. Hazırda ResearchGate, İndex Copernicus, Google Scholar, CiteFactor (Academic Scientific Journals), DOAJ (Direktory of Open Access Journals), indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi böyük elmi qurumların SCOPUS, Web of Science-in istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir. Bu, müəllimlər, alimlər, dissertantlar üçün geniş imkanlar deməkdir. Buna nail olmaq üçün isə qarşıda dayanan vəzifələrdən ən mühümü beynəlxalq standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır. Elə məqalələr ərsəyə gətirilməlidir ki, onlar dünyanın elmi dairlərində maraq yaratsın, istinad üçün əsaslı faktlara malik olsun, Azərbaycan elmini, təhsilini, məktəbini elmi-pedaqoji cəhətdən xarakterizə etmək baxımından əhəmiyyətli rol oynasın. Jurnalın 2018-ci il 2-ci sayı ilə tanış olduqda bu tendensiyanı müşahidə etmək mümkündür. “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tariximizdən”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınması, ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını, zəngin tədqiqat faktlarını əhatə edir, ümumən fundamental elmi nəşr kimi diqqət çəkir.
Qeyd edim ki, jurnala təqdim edilən məqalələrin orijinallığı xüsusi proqramlar vasitəsilə yoxlanılır. Məqalələrin daha rahat axtarış və istinad sistemini təmin etmək məqsədilə doi (digital object identifier) nömrələrinin alınması planlaşdırılır. Bu isə imkan yaradacaq ki, müəlliflər öz məqalələrini dünya kitabxanalarının, indeks qurumlarının istinad bazasında görsünlər. Elmi əlaqələrin genişlənməsi, qlobal elm, təhsil mühitinə inteqrasiya olunmaq baxımından bu, önəmlidir. Bu baxımdan jurnalın www.journal.edu.az saytının da rolu danılmaz olacaq. Saytda yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap olunmuş məqalələrin də yerləşdirilməsi nəzərdə tutulur. Bu, təhsil tariximizin öyrənilməsi baxımından mühüm mənbə kimi diqqət çəkəcək, eləcə də təhsil tariximizi araşdıranların işini asanlaşdıracaq. Jurnalın perspektivinə, onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əsas verən amillərdən biri də Azərbaycan dili ilə yanaşı, rus, ingilis, türk dillərində yazıların dərc olunmasıdır. Müxtəlif dillərdə dərc olunan yazılar jurnalın oxucu auditoriyasını genişləndirməklə bərabər, ona mövzu, yanaşma rəngarəngliyi gətirəcək, daha geniş müəllif dairəsinin yaranmasına yol açacaq.

Böyükağa MİKAYILLI




Oxşar xəbərlər