AMEA Rusiyanın “Şolkovo Aqroxim” təşkilatı ilə əməkdaşlığa başlayır

AMEA Rusiyanın “Şolkovo Aqroxim” təşkilatı ilə əməkdaşlığa başlayır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rusiya Federasiyasının “Şolkovo Aqroxim” təşkilatının nümayəndələri ilə görüşüb.
Görüşdə aqrar istehsalın rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsi, tərəflərin ixrac potensialının artırılması, istehsal olunan məhsulun və tətbiq edilən texnologiyaların müasir dünya təcrübəsinin tələblərinə uyğunluğu məqsədilə üçtərəfli əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə dayanıqlı və ekoloji əkinçilik mədəniyyətinin həyata keçirilməsi, sürətli əkinçilik komponentlərinin tətbiqi, torpağın münbitlik potensialının qorunması və artırılması, rəqəmsal kənd təsərrüfatının inkişafı və digər istiqamətlərdə tərəflərin əməkdaşlığı nəzərdə tutulur. Həmçinin əməkdaşlıq çərçivəsində işçi qrupların yaradılması, bilik və təcrübə mübadiləsinin aparılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət və digər istiqamətlər üzrə əlaqələrin inkişafı üçün təkliflərin hazırlanması sənəddə yer alır. Bundan başqa, magistrant, doktorant və kadr mübadiləsinin təşkili, prioritet sahələr üzrə fundamental elmi-tədqiqat işlərinin aparılması, müştərək laboratoriya, elmi-texniki, tədris və innovasiya mərkəzlərinin yaradılması, gənclər arasında aqrar elmlərin təbliği məqsədilə birgə müsabiqə, sərgi, konfrans və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Sənədi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, dosent Cavanşir Təlai və “Şolkovo Aqroxim” təşkilatının baş direktoru, akademik Salis Karakotov imzalayıblar.
Akademik A.Əlizadə AMEA-nın aqrar elm sahəsində innovativyönümlü tədqiqatlarından və əldə olunmuş nailiyyətlərdən, eləcə də dünyanın qabaqcıl elmi müəssisələri ilə həyata keçirilən elmi layihələrdən bəhs edib. O, AMEA-nın müvafiq elmi-tədqiqat institutları ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə Salis Karakotov rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verib. Təşkilatın kənd təsərrüfatı bitkilərinin mühafizəsi və məhsuldarlığının artırılması üçün pestisid, aqrokimyəvi maddələr və bioloji preparatlar istehsal etdiyini deyib. Təşkilatın məqsədinin aqrar sahənin mütəxəssislərini kənd təsərrüfatı bitkilərinin mühafizəsi üçün yerli innovasiyayönümlü maddələrlə təmin etmək olduğunu bildirən direktor qeyd edib ki, müəssisədə bitkilərə və ətraf mühitə toksiki təsiri azaldan yeni və yüksək səmərəliliyi ilə seçilən pestisidlər istehsal olunur.
Nümayəndə heyəti sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və bölməyə daxil olan elmi müəssisələrin alimləri ilə görüşüb. Tərəflər arasında mövcud münasibətlər və gələcək inkişaf prioritetləri müzakirə edilib.
Görüşdə Salis Karakotov ekoloji təsərrüfatçılıq təcrübəsi mövzusunda təqdimatla çıxış edib. Baş direktor “Şolkovo Aqroxim” Elmi-Tədqiqat Mərkəzinin bu istiqamətdə təcrübəsindən danışıb. Mərkəzdə aqrokimyəvi və bioloji araşdırmalar üzrə tədqiqatların aparıldığını bildirib. Mərkəzin elmi potensialının, istehsalat və elmi-tədqiqat bazasının pestisid bazarında bitkilərin qorunması üzrə müasir innovasiyayönümlü tədbirlər həyata keçirməyə imkan verdiyini vurğulayıb. Qeyd edib ki, müəssisənin mütəxəssisləri tərəfindən unikal maddə hazırlanaraq tətbiq edilir ki, bütün bunlar çox az miqdarda pestisidlərdən istifadə etməklə kənd təsərrüfatı bitkilərinin mühafizəsində yüksək nəticənin əldə olunmasına yönəlib.

Tehsil-press.az



Oxşar xəbərlər