Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib

Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib.
Konfrans akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib. Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan konfransda Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov dünya şöhrətli alim Cəlal Əliyevin elmi irsinin öyrənilməsi baxımından konfransın gənc alim və tələbələr üçün əhəmiyyətini qeyd edib. Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirən Z.Əkpərov görkəmli alim böyük şəxsiyyət, gözəl insan və qayğıkeş müəllim kimi yüksək mənəvi keyfiyyətlərindən söz açıb. Qeyd edilib ki, tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşan Cəlal müəllim elmə həvəs və maraq göstərən gənclərə hər zaman böyük dəstək olub.
İnstitutun direktoru, akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açıb. Ölkəmizdə hər zaman dövlət tərəfindən elmi ictimaiyyətin nümayəndələrinə xüsusi diqqət və qayğı göstərildiyini deyən İ.Hüseynova Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamını xatırladıb, tədbirin bu mühüm sənədə əsasən keçirildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Cəlal Əliyev böyük alim və görkəmli ictimai-siyasi xadim kimi hər zaman gənclərə böyük diqqət göstərib. Akademik ötən əsrin 70-ci illərində ölkənin müxtəlif ali təhsil müəssisələrində kimya, biologiya, fizika, aqronomluq, riyaziyyat və digər ixtisaslar üzrə təhsil alan tələbələri seçərək onları keçmiş SSRİ-nin ən aparıcı universitetlərinə, mərkəzlərinə yüksəkixtisaslı kadr kimi formalaşmağa göndərib.
İ.Hüseynova deyib: “Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının əsası keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulub və əsaslı şəkildə inkişaf etdirilib. Bütün tədqiqatlarını multidistiplinar istiqamətlərdə aparan alim riyaziyyatın biologiya elmində tətbiqinə böyük diqqət göstərib. Məhz bu gün də həmin işlərin nəticələri öz bəhrəsini verir. Hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu istiqamətdə üç laboratoriya fəaliyyət göstərir”.
Qeyd olunub ki, həyatını fotosintez prosesinin sirlərinin öyrənilməsinə həsr edən alim bu mürəkkəb və unikal prosesi öyrənməklə dünya elminə mühüm yeniliklər gətirib. Cəlal Əliyev fototənəffüz prosesini öyrənməklə dünya elminə çox qiymətli konsepsiya verib ki, zaman keçdikcə onun dəyəri daha çox bilinəcək. Cəlal müəllim, eyni zamanda, fundamental elmi praktika ilə birləşdirməyi bacaran yeganə alimlərdən idi. Onun həyatı, bütün elmi tədqiqatları dərin fundamental elmə həsr olunmuşdu. Akademik dərin fundamental elmi praktikaya tətbiq etməklə ölkəmiz üçün çox mühüm işlər görüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın müxtəlif yerlərində alimin yaratdığı buğda sortları yetişdirilir.
İ.Hüseynova bildirib ki, böyük alimin yaratdığı dünya səviyyəli müasir elmi məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar aparır, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai dünya şöhrətli alimin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıblar. Bildirilib ki, alimin elmi fəaliyyətinin müəyyən dövrü Əkinçilik İnstitutu ilə bağlı olub. Akademik fundamental tədqiqatları və elmi araşdırmaları ilə ölkəmizdə biologiya və aqrar elmlərin bir sıra yeni istiqamətlərini müəyyənləşdirib və onların aktual problemlərinin həllinə dəyərli töhfələr verib. Onun tədqiqatlarının nəticələri respublikanın iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edib. Cəlal Əliyevin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal müəllimin biologiya və aqrar elmlər üzrə 250-dən çox yüksəkixtisaslı mütəxəssisin hazırlanmasında müstəsna rolu olub.
Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda öz laboratoriyasını yaradan görkəmli alim onu şöbə səviyyəsinə çatdırıb və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib. Akademik Cəlal Əliyev yüksək dən keyfiyyətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən və yaxşı nəticələr verən buğda sortlarını yaradıb.
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Əkinçilik İnstitutunun bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri Tofiq Allahverdiyev və digər çıxış edənlər akademik Cəlal Əliyevin elmi fəaliyyətindən söz açıblar.
Sonra işini bölmə iclasları ilə davam etdirən konfransda gənc alim və tələbələrin müasir biologiyanın və aqrar elmlərin müxtəlif istiqamətləri üzrə məruzələri dinlənilib.

TEHSIL-PRESS.AZ



Oxşar xəbərlər