BDU-nun iki tələbəsi Koreya Respublikasında təcrübə keçəcək

BDU-nun iki tələbəsi Koreya Respublikasında təcrübə keçəcək Bakı Dövlət Universitetinin (BDU) Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında qrant müsabiqəsi ilə bağlı iclas keçirilib.
Tədbirdə beynəlxalq əlaqələr üzrə müşavir, professor Çingiz İsmayılov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli, həmin kafedranın Koreya dili müəllimi, Koreya Fondunun dil üzrə mütəxəssisi Yang Jeongmin və şərqşünaslıq fakültəsinin koreyaşünaslıq ixtisasının tələbələri iştirak ediblər.
İclasda Koreya Respublikasının SKK Universitetinin Koreya Araşdırmaları Laboratoriyası Mübadilə Proqramının (KSLEP) İcraiyyə Komitəsindən daxil olan qrant məktubu barədə məlumat verilib. Həmin məktuba əsasən, SKK Universitetində iki tələbənin ikihəftəlik təcrübə keçməsi ilə bağlı namizədliyi məsələsi müzakirə olunub. Şərtlərdə namizədin TOPIC üzrə 3-cü səviyyəsi, Koreya dili üzrə müsabiqələrdə uğurlu nəticə və dərs deyən müəllimin vəsatəti tələb edilib.
Müzakirə nəticəsində şərqşünaslıq fakültəsinin koreyaşünaslıq ixtisasının IV kurs tələbəsi Aynurə Allahyarova və III kurs tələbəsi Ayişən Məcidlinin layihədə iştirakı barədə qərar qəbul olunub.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər