Dilçilik İnstitutu görkəmli alim Yusif Seyidovun 90 illiyi münasibətilə konfransa hazırlaşır

Dilçilik İnstitutu görkəmli alim Yusif Seyidovun 90 illiyi münasibətilə konfransa hazırlaşır AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aprel ayının sonlarında görkəmli dilçi alim, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək.
Konfransda “Yusif Seyidov və sintaksis məsələləri”, “Yusif Seyidov və morfologiya məsələləri”, “Yusif Seyidov və söz sənətkarları”, “Yusif Seyidov haqqında xatirələr” bölmələri üzrə məruzələr dinləniləcək.
Konfrans materialları Azərbaycan dilində qəbul olunur. Materiallar [email protected] ünvanına göndərilməlidir. Tezislərin həcmi maksimum 5 səhifə olmalıdır. Açar sözlər Azərbaycan və ingilis dillərində verilməli, ədəbiyyat əlifba sırası ilə tərtib olunmalıdır. Xülasə Azərbaycan və ingilis dillərində verilməlidir.
Qeyd edək ki, Yusif Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli olan “Müasir Azərbaycan dili” dərsliyinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir. “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Dövrün (XII- XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə “Nəsiminin dili” monoqrafiyası böyük alimin ciddi müşahidə və axtarışların məhsuludur.

Tehsil-press.az

Oxşar xəbərlər