Gənc alimlər Yüksək Texnologiyalar Parkının istehsal prosesi ilə tanış olublar

Gənc alimlər Yüksək Texnologiyalar Parkının istehsal prosesi ilə tanış olublar Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri Yüksək Texnologiyalar Parkının (YT Park) istehsal prosesi ilə tanış olublar.
Gənc alimlər YT Parkın yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzində (SEASM) müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər.
Mərkəzin müdir müavini Kamal Yusifov bildirib ki, burada qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin dəqiq sınağı aparılacaq. AMEA-nın elmi müəssisə və təşkilatlarının sözügedən sınaqları bu günə qədər xaricdə həyata keçirilirdi. Laboratoriyanın regionda ilk dəfə burada qurulması ölkəmizdən valyuta axınının qarşısını alacaq.
YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers Oils Azerbaijan" MMC-nin fəaliyyət prosesi ilə tanış olan gənclərə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik "Naftalan yağı" barədə məlumat verib. Zavodun direktoru Vasif Abbasov, baş mühəndisi Adil Ağayev və "Millers Oils" şirkətinin nümayəndəsi Kiril Solovyov bildirib ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur.
Gənclərlə Yüksək Texnologiyalar Parkının rəhbərliyinin görüşü keçirilib.
YT Parkın direktoru Nazim Şükürov gənclərlə görüşdə rəhbərlik etdiyi müəssisənin alimlərin elmi tədqiqatlarının tətbiqi və kommersiyalaşdırılması məqsədilə yaradıldığını, bu gün Parkda 10 rezident fəaliyyət göstərdiyini və respublikada həyat səviyyəsinin yüksəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl işlər icra olunduğunu deyib.
N.Şükürov hazırda YT Parkda respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların da istehsal olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, burada istehsal edilən hərbi və mülki təyinatlı dronlar respublikanın güc strukturları tərəfindən, həmçinin kənd təsərrüfatı sektorunda istifadə olunur.
Alim hazırda YT Parkda "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə yer alan ölkənin alüminium sənayesinin yerli xammal əsasında inkişaf etdirilməsi ilə bağlı tədqiqatların aparıldığını və SEASM tərəfindən alüminiumun alınmasında istifadə olunan gil-torpağın prototipinin yaradıldığını söyləyib.
O, gənc alimlərin innovativ ideyalarını dəstəkləməyə hazır olduqlarını bildirib, onları mütəmadi əməkdaşlığa dəvət edib.
Daha sonra YT Parkın biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə təqdimatla çıxış edib. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığı vurğulanıb.
Sonda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov YT Parkın rəhbərliyinə gənclər üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər