GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ PROKURORLUQ ORQANLARININ FƏALİYYƏTİNƏ HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ PROKURORLUQ ORQANLARININ FƏALİYYƏTİNƏ HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB Gəncə Dövlət Universitetində prokurorluq orqanlarının fəaliyyətinə həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Respublikanın hüquq mühafizə orqanlarının rəhbər və əməkdaşlarının ali təhsil müəssisəsinin kollektivi ilə təşkil olunmuş görüşlərinin, müxtəlif mövzulara həsr olunmuş maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov prokurorluq orqanının cinayət hallarının qarşısının alınmasında, eləcə də dövlətdə və cəmiyyətdə milli təhlükəsizlik sisteminin qorunmasındakı fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev bildirib ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubiley münasibətilə prokurorluq əməkdaşlarına və veteranlara ünvanlanmış təbrikinin əhəmiyyətini vurğulayan prokuror bildirib ki, Azərbaycan Prokurorluğunun 100 illik tarixi ərzində keçdiyi inkişaf yoluna, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və ondan sonrakı tarixi mərhələlərdəki fəaliyyətinə qiymət verən həmin müraciətdə Ümummilli Liderin rəhbərliyi ilə milli prokurorluğun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müəyyənləşdirilib.
Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işləri diqqətə çatdıran prokuror vurğulayıb ki, son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi hər bir azərbaycanlını gələcəyə ruhlandırır.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyəti üçün zəruri normativ hüquqi bazası yaradılıb, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusu formalaşdırılıb.
Bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət sürdüyü 23 aylıq dövrə təsadüf edir. 1918-ci il 1 oktyabr tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 100 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşıb, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərib.
Xüsusi vurğulanıb ki, dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırıb, profilaktiki fəaliyyət daha da gücləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncamına əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə verilən inam və etimadın təcəssümü kimi dəyərləndirilib.
Tədbirdə qeyd edilib ki, ötən dövrlər ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı tərəfindən prokurorluq orqanlarına daim yüksək diqqət və qayğı göstərilərək prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 2008-ci il 27 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın Azərbaycan Prokurorluğunun 100 illik tarixində ən önəmli hadisələrdən biri olmaqla yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyub.
Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyətə malik olmuş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin qurulması üçün hərtərəfli zəmin yaradılıb, eləcə də prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilərək prokurorluğun maddi-texniki təminatı yaxşılaşdırılıb. Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında Gəncə Şəhər prokurorluğu üçün ən müasir standartlara cavab verən yeni inzibati binalarının tikilərək yubiley ərəfəsində əməkdaşların istifadəsinə verilməsi xüsusi qeyd edilib.
Bildirilib ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində qulluğa qəbul edilən 873 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 67 faizini təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi, alternativi olmayan müsabiqə yolu ilə qulluğa qəbulun bundan sonra da davam etdiriləcəyinə əminlik yaradıb.
Prokuror respublikada böyük ictimai rezonansa səbəb olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı törədilən terror aktından da danışıb.
Bildirilib ki, terror aktı üzrə 29 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib, 11 nəfər beynəlxalq axtarışa verilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Eləcə də radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi ilə əlaqədar 59 nəfər təqsirləndirilən şəxs həbs edilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.
Son dövrlərdə bəzi anti-milli elementlərin sosial şəbəkələr vasitəsilə Avropa ölkələrindən və Qərbdən Azərbaycanın dövlət maraqları və milli mənəvi dəyərləri əleyhinə apardıqları pozucu fəaliyyətindən də danışan prokuror qeyd edib ki, bu cür destruktiv qüvvələr ilk gündən uğursuzluğa düçar olublar. Bəzi xarici dairələrin marqalarına xidmət edən, onlar üçün vasitəyə çevrilən həmin şəxslər xalq-iqtidar birliyi ilə üz-üzə qalıblar. Həmin şəxslərin əsas məqsədlərinin Azərbaycanın stabilliyini pozmaq, onu mütərəqqi inkişaf yolundan döndərmək, ölkəni xaosa, anarxiyaya, vətəndaş müharibəsinin hökm sürdüyü bir sıra İslam və Şərq dövlətlərinin vəziyyətinə salmaq olduğunu deyən Fazil Həsənəliyev onların sosial şəbəklərdəki fəaliyyətinin ifşa olunması və ictimai qınağa məruz qoyulması üçün bəzi gənclərin də sosial şəbəklərdəki fəaliyyətinin artırılması istiqamətindəki rolundan danışıb.
Tələbələrlə görüşdə antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının pozuculuq fəaliyyəti pislənib, bu cür cəhdlərin qarşısının xalq-dövlət birliyi tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə rəhbəri, Prezident İlham Əliyev tərəfindən uğurla icra olunan gənclər siyasətindən söz açıb. . “Hər bir gənc bilməlidir ki, onun əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirmək, onu qorumaqdır. Daxili sabitliyinin qorunmasında hər birimiz maraqlı olmalı, bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik. Çünki təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, iqtisadiyyatın, ümumilikdə ölkənin inkişafı buna bağlıdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə müsbət imic formalaşdırıb. Bu imicin qorunub saxlanılması istiqamətində də gənclərin üzərinə böyük iş düşür. Bu gün gənclər ölkədə aparıcı qüvvəyə çevrilirlər. Ölkə gəncləri daha təşəbbüskar, ictimai-siyasi həyatda daha fəal olmalı, müxtəlif sahələrdə Azərbaycanın adını yüksəltməli və Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər”, – deyə Vəfa Abbasova qeyd edib.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

GDU-nun Mətbuat Xidməti


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ PROKURORLUQ ORQANLARININ FƏALİYYƏTİNƏ HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ PROKURORLUQ ORQANLARININ FƏALİYYƏTİNƏ HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB



Oxşar xəbərlər