“Azərbaycan məktəbi” jurnalının kollektivi 147 nömrəli Texniki-humanitar liseydə olub

“Azərbaycan məktəbi” jurnalının kollektivi 147 nömrəli Texniki-humanitar liseydə olub Fevralın 27-də Bakının Xətai rayonundakı 147 nömrəli Teniki-humanitar liseydə “Azərbaycan məktəbi “jurnalının əməkdaşları ilə liseyin pedaqoji kollektivi və şagirdlərin görüşü keçirildi. Görüşü liseyin direktoru Arif Əsədov açaraq bildirdi ki, Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının əməkdaşları ilə görüş məktəbin pedaqoji kollektivi üçün mühüm əhəmiyyət daşıyır. Onlar jurnalla əlaqələrin qurulmasından məmnundurlar və bu əlaqələr müəllimlərin jurnalda öz məqalələri ilə çıxış etmələrinə, jurnalı müntəzəm mütaliə etmələrinə yol açacaq. Jurnalın baş redaktoru Rahil Nəcəfov çıxışında dərginin tarixindən, keçdiyi inkişaf yolundan bəhs etdi, qarşıya qoyulan məqsədlər barədə məlumat verdi. Vurğuladı ki, Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan məktəbi” jurnalı qısa zaman ərzində beynəlxalq nüfuzlu elmi indekslərə üzv olubdünyanın qlobal elmi bazalarına daxil olmaq üçün ilkin addımlar atılıb, jurnalın yeni forma və məzmunda çap edilməsinə nail olunub. O, qeyd etdi ki, jurnalın qarşıya qoyduğu əsas məqsədlərdən biri müəllimlərlə səmərəli əməkdaşlıq əlaqələri yaratmaq, qabaqcıl pedaqoji iş təcrübəsini peşəkar səviyyədə jurnalın səhifələrinə gətirmək, ümumən dərgini müəllimlərin stolüstü vəsaitinə çevirməkdir. Buna nail olmaq üçün müəllimlərin elmi, intellektual potensialından istifadə olunmasının vacibliyini vurğulayan R.Nəcəfov bu məqsədə müəllimlərlə birgə nail olunacağına əminliyini ifadə etdi. Daha sonra jurnalın əməkdaşları – məsul katib Tariyel Süleymanov, Böyükağa Mikayıllı, Gülnar Musayeva çıxış edərək məqalə müəllifləri qarşısında qoyulan tələblərdən, xarici müəlliflərin pedaqoji, psixoloji, metodiki aspektdə yazılarının əhəmiyyətindən danışdılar. Söylədilər ki, jurnala istər Azərbaycandan, istərsə də xaricdən müraciət edən müəlliflərin sayı artır və məqalələr keyfiyyət baxımından yüksəlməklə, jurnalın nüfuzuna yaxşı mənada təsir göstərir. Liseyin müəllimləri çıxışlarında jurnalda son vaxtlar dərc olunan məqalələrin səmərəliliyini elmi-pedaqoji baxımdan təhlil etdilər. Jurnalda yer alan yazıların hər birinin istər praktik müəllimlər, istərsə də tədqiqatçılar üçün əhəmiyyətli olduğunu dilə gətirdilər. Məqalələrin məlumat bazasının, elmi tutumunun əhəmiyyətindən, yenilik ifadə edən məzmunundan bəhs etdilər, təklif və tövsiyələrini bildirdilər. Qeyd etdilər ki, jurnalda yerli və xarici qabaqcıl müəllimlərin, məktəblərin iş təcrübəsinin, təhsil sistemlərinin, təhsildə, elmdə uğurların əldə olunmasına yol açan faktorların yer alması, inklyuziv təhsil sahəsində innovativ təcrübədən bəhs olunması yaxşı olardı.
Sonda jurnalın əməkdaşları səmərəli görüşə, maraqlı təklif və tövsiyələrinə görə məktəbin rəhbərliyinə və pedaqoji kollektivə minnətdarlığını bildirdilər.

Tehsil-press.az


“Azərbaycan məktəbi” jurnalının kollektivi 147 nömrəli Texniki-humanitar liseydə olub

Oxşar xəbərlər