Sınaqlarda bərkimiş insan, yaxud “Qoca” ləqəbli döyüşçümüzü siz də tanıyın...

Sınaqlarda bərkimiş insan, yaxud “Qoca” ləqəbli döyüşçümüzü siz də tanıyın... Qarşımda “Qoca” ləqəbli keçmiş döyüşçü əyləşib. Ağdaş rayonunda dünyaya göz açan Ramazan Ömərov. O da gəncliyində qurub yaratmaq həvəsiylə Bakıya gəlmişdi, arzuları böyük idi. Amma erməni qəsbkarlarının başladığı amansız müharibə minlərlə gəncimiz kimi Ramazanın da arzularını yarımçıq qoydu. Keçmiş Sovet ordusunda əsgər olmuşdu, bu dəfə isə doğma Vətənini, millətini, xalqını yağı düşməndən qorumaq üçün cəbhəyə yola düşdü. Qubadlı, Laçın, Kəlbəcər rayonlarında döyüşdü və hərbi əməliyyatların birində yaralandı. Gəlin ilk könüllü döyüşçümüzün ağrılı-acılı xatirələrini dinləyək.
- Müharibə dəhşətdir, aclıqdı, ölüm-itimdi, - deyə Ramazan ötən illərə yenidən qayıdır. - Hələ də ona acıyıram ki, müharibənin ilk dövründə təsadüfi itkilərimiz çox oldu. Həm təminatımız zəif idi, həm də hərbi əməliyyatlara vahid rəhbərlik yox idi. Ordu nizam-intizam, mərkəzi komandanlıq tələb edir, amma 1990-cı illərin əvvəlində bu vacib prinsiplərə əməl edilmirdi. Elə buna görə də itkilər verdik, rayonlarımız işğal olundu, Qarabağ əldən getdi. Laçının, Kəlbəcərin, Zəngilanın, Cəbrayılın ən ağır günlərinin şahidi olmuşam. Bu gün də özümü günahkar sanıram ki, Vətənimizin o cür səfalı guşələrini qoruya bilmədik...
Deyirəm ki, ay Ramazan, sadə döyüşçünü, əsgəri qınamaq düzgün olmazdı, gərək müharibəni dövlət aparsın. Möhkəm, intizamlı ordu olmasa, düşmən üzərində qələbə qazanmaq olmaz. Böyük türk şairlərindən biri əbəs yerə deməyib ki, ordun varsa, yurdun da var. Nə qədər hikmətli deyib şair, doğrudan da ilk müstəqilliyimiz çox çətin illərə təsadüf etdi. İqtisadiyyatı dağılmış gənc bir dövlət müharibə meydanına çevrildi və güclü arxası, dayağı olan düşmənlə üz-üzə qaldı. Məhz onda Azərbaycana ağıllı rəhbər, lider lazım idi.
Keçmiş döyüşçü danışır ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə hər sahədə islahatlar başlandı və nizami ordunun yaradılması üçün mühüm tədbirlər görüldü. “Heydər Əliyevi iki dəfə yaxından görmək mənə nəsib olub. Bir dəfə Papanin hospitalına yaralı döyüşçülərin görüşünə gəlmişdi. O müalicəmizlə yaxından maraqlandı, ordu rəhbərlərinə və həkimlərə vacib tapşırıqlarını verdi. Ona söz verdik ki, yaralarımız sağalan kimi cəbhəyə qayıdacağıq. Həkimlərə deyirdi ki, hər bir döyüşçünün sağlamlığını qorumaq müqəddəs vəzifədir. Ulu Öndərimizlə ikinci görüşümüz isə poliqonda oldu. Onda cəbhəyə yola düşən döyüşçülərlə görüşə gəlmişdi. Səsi, nitqi indi də yadımdadır, Vətənimizin ağır gündə olduğunu izah edib gənclərə qələbə əzmi aşılayırdı”.
Ramazangilin taboru ikinci dəfə səfərbər olunaraq Füzuli istiqamətinə yola düşür. Bu həmin vaxtlar idi ki, Horadiz istiqamətində ordumuzun uğurlu əks - hücumu başlamışdı. Onda 1994-cü ilin ilk bahar günləriydi, əsgərlərimiz döyüş meydanında hünər və rəşadət göstərirdi. Artıq dahi rəhbərin xeyir-duası öz bəhrəsini vermişdi. Qısa vaxt ərzində düşmən ağır itkilər verərək geri çəkilirdi. Horadiz qəsəbəsi daxil olmaqla 22 kəndimiz məhz həmin dövrdə işğaldan azad olundu. Qələbənin əldə edilməsində Ramazan Ömərovun tərkibində döyüşdüyü taborun da böyük payı vardı. Amma döyüşlərin birində Ramazan yenidən yaralanır.
- Gərək döyüşdə qorxmayasan, əgər düşmən qarşısındakının qorxduğunu duysa, ürəklənir. Biz də qorxu nə olduğunu hiss etmirdik, çünki ordumuzun başında Heydər Əliyev kimi qətiyyətli, müdrik rəhbərimiz var idi. Biz Horadizi düşmən tapdağından xilas edəndən sonra bir gün xəbər eşitdik ki, Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi imzalanıb. Söz yox ki, dövlət rəhbərləri bu razılığa imza atdılar, amma biz döyüşmək, Qarabağımızı azad etmək fikrindəydik. Atəşkəsdən sonra ordudan tərxis olundum, qala bilərdim, amma özüm istəmədim. Yaşa görə çoxlarından böyük idim, hamı mənə “Qoca” deyirdi. Tale elə gətirdi ki, mülki həyatda da bəxtim gətirmədi. İstehsalatda elektrik cərəyanı məni vurdu. Neçə il düşmən gülləsinə tab gətirmişdim.
İllər ötdüksə insan yaşa dolur, amma xatirələri bitib tükənmir. Ramazanı da müharibədən 25 il ayırır, bu illərdə təsəllisi döyüşçü dostlarıyla görüşləri olub. Neçə dəfə Füzuli rayonunda olublar, bir vaxt döyüşdükləri ərazilərdə əkin-biçinlə məşğul olan adamları görəndə iftixardan ürəyi dağa dönüb. Axı bu ərazilərin işğalçılardan azad edilməsində onun da payı olub. Və günlərin birində xoş təsadüflə rastlaşıb. Yaxşı olar ki, hər şeyi Ramazan özü danışsın.
- Oğlum Elşadın 18 yaşı tamam olanda bir gün ona komissarlıqdan çağırış vərəqi göndərdilər. O qədər sevindim ki. Fikirləşdim ki, döyüşçü dostlarım xəbər tutsalar, daha məni “Qoca” yox, əsgər atası çağıracaqlar. Nəhayət bölgü vaxtı çatanda eşitdim ki, Elşad Füzuli rayonunda xidmət edəcək. Tənbəllik etməyib bir-iki dəfə oğlumun yanına getdim, hər dəfə əlimi çiyninə qoyub dedim ki, oğul, xidmət etdiyin bu torpaqda atanın da ayaq izi var. Novruz bayramına bir neçə gün qalmışdı, oğlum zəng etdi, dedi, ata, bayram günü hərbi hissəmizdə “Açıq qapı” günü olacaq, gələ bilsən pis olmaz. Getdim yenə, inanın, yeni yaradılan hərbi hissəni görəndə gözlərimə inanmadım. Prezidentimiz cənab İlham Əliyev sağ olsun ki, indi övladlarımız gözəl şəraitdə xidmət edirlər. Nahar vaxtı çatanda general Bərxudarov bizi əsgər yeməkxanasına dəvət etdi, əsl ev yeməkləri bişirmişdilər. Mətbəxdə çalışanlar da qadınlar idi. Bu məni çox sevindirdi, doğrudan da yemək hazırlamaq qadın işidir, qadın səliqəsini heç nə əvəz edə bilməz. Nə yaxşı gəlmişdim, burada neçə döyüşçü dostumu da gördüm.
Ramazanla söhbətimdə gün-güzəranı, ona göstərilən dövlət qayğısı ilə maraqlandım. Çox razılıq etdi, dedi ki, kifayət qədər təqaüd alır, normal yaşayışı var, bayramlarda onun da qapısını döyüb sovqat gətirən olur. Onun sözlərinə görə, müharibə şəraitində yaşayan bir dövlət öz vətəndaşına belə qayğı göstərə bilirsə, buna şükür etməliyik.
Sonra söhbətimiz aprel döyüşlərindən düşdü. Lələtəpə zirvəsində üçrəngli bayrağımızın yanında şəkil çəkdirdiyimi deyəndə “Qoca” yaman kövrəldi. “Cocuq Mərcanlını gedib gəzmişəm, amma siz dediyiniz zirvəyə qalxa bilməzdim, çünki ayaqlarım sözümə baxmır. Kənardan doyunca seyr etdim, o zirvələri azad edən, qaçqınları doğma yurdlarına qaytaran ordumuzun ünvanına minbir alqış dedim. Düşünürəm ki, cəmi dördgünlük müharibədə düşmənə qan udduran ordu böyük savaşda görün nələr edəcək? Bir vaxt döyüşdüyüm hər qarış torpağımızı azad görmək ən böyük arzumdur!”
Ay ağsaqqal, bir gün də eşidərik ki, üçrəngli bayrağımız Şuşada dalğalanır, onda birgə gedərik. Gedib o qədim yurdumuzu ziyarət edərik. Onda çiyin-çiyinə döyüşdüyün neçə şəhid dostunun da ruhu şad olacaq!.. “Vətən oğlu”

Arif Pənahov


Sınaqlarda bərkimiş insan, yaxud “Qoca” ləqəbli döyüşçümüzü siz də tanıyın...

Oxşar xəbərlər