Döyüşə hər an hazırıq

Döyüşə hər an hazırıq Savalan Yolçu oğlu Hüseynov, Qarabağ müharibəsi veteranı: Doğma torpaqlarımızda qanlı müharibə başlayandan mən də digər soydaşlarımız kimi silaha saraldım. Torpaqlarımızın müdafiəsində mən də, döyüş yoldlarım Rafiq Qarayev, Qüdrət Şirinov, Azər Rüstəmov, Zahid, Yavər və Faiq qardaşları, Ceyhun Quliyev, Məhəmməd Qasımov, Yaşar Əliyev və başqaları gecə-gündüz yağı düşmənlə döyüşür, dinc əhalini qoruyurduq. Lakin o vaxtkı səriştəsiz ölkə rəhbərliyi torpaqlarımızın müdafiəsini deyil, öz şəxsi mənafeyini güdürdü. Başıpozuqluq, ayrı-ayrı dəstələrin birləşməməsi düşmənə tutarlı cavab verməyə imkan vermirdi.
1993-cü ildə ulu öndərimiz Heydər Əliyev xalqın istəyilə yenidən hakimiyyətə qayıdandan sonra döyüşən orduda da, xalqda da böyük ruh yüksəkliyi yarandı və qısa bir zaman kəsiyində torpaqlarımızın xeyli hissəsi geri qaytarıldı. Lakin düşmən əsas strateji məntəqələri, yaşayış məskənlərini ələ keçirib möhkəmləndiyinə görə axıra qədər gedə bilmədik. O vaxt ermənilər bizdən daha yaxşı silahlanmış, xalqla ordu daha yekdil idi. Bu gün isə əksinə... Ordumuz, iqtisadiyyatımız Ermənistandan qat-qat güclüdür. Aprel ayında baş verən döyüşlər də bunu göstərdi.
Biz Qarabağ müharibəsi veteranları, keçmiş döyüşçülər hər an yağı düşmən üzərinə yeriməyə hazırıq. Ali Baş Komandamız, möhtərəm İlham Əliyev cənablarının əmrinə müntəzirik.
İnanıram ki, tezliklə torpaqlarımız yağı düşməndən azad ediləcəkdir.
Bakıdan uzaq görünən Ağdam
Fehruz Əziz oğlu Əliyev, Abdal Gülablı kənd sakini:
-Böyük hörmət bəslədiyim rayonumuzun nurlu və qənimət ziyalılarından birinin belə bir kəlamı var: Biz ona görə çox ağrıyırıq ki, daha hündürdən yıxılmışıq. Başqalarından daha çox ona görə yanıb-yaxılırıq ki, rayonumuzun xeyli hissəsi özümüzdədir, amma gözlə görünən, doğulub boya-başa çatdığımız digər kəndlərimiz yağı tapdağındadı. Səsin çatsa da, gözün görsə də o yerlərə gedə bilmirsən.
Düz 23 ildir ki, bu həsrət, nisgillə gecələyib, səhərləri açırıq. Bu ağrı-acı ağ günlərimizi qaraya böləyib. Nə yediyiniz yedikdir, nə güzaranımız bir güzaran. Allaha çox şükür ki, ölkəmizdə əmin-amanlıqdı. Hamı pis-yaxşı dolanır. Bircə torpaq həsrəti bizi üzür.
Aprel ayında Ermənistanın növbəti təxribatı zamanı baş verən döyüşlər, ordumuzun sücaəti onu göstərdi ki, yəqin ki, tezliklə düşməndən öz hayıfımızı alacağıq.
Amma bu gün şəhərdə oturub rayon haqqında danışmağa adamın heç dili də gəlmir. Torpaqlarımızda qanl döyüşlər gedən illəri hər bir vətən oğlu əlindən gələni edirdi ki, Vətən basılmasın. Mən özüm, xüsusən də qardaşım Mübariz ordumuza, camaatımıza gücümüz çatan köməkliyi etdik. Təəssüf ki, düşmən bizdən fəndgir çıxdı. Amma bu gün zamanın gedişatı göstərir ki, çox şey bizim xeyrimizə dəyişib. İnşallah gələn il bu vaxt Ağdamımız haqqında xatirərələri rayonda – Abdal Gülablıda oturub dərdləşir, respublikamızın müxtəlif bölgələrinə səpələnmiş eloğullarımız yenə bir yerə yığışar, qara günlərə - həsrətə də son qoyular.
İnşallah!
Ağdamı satanlar, düşmənə rəvac verənlər bu gün də öz çirkli əməllərini davam etdirməkdədirlər. Yaralı Ağdamın yenidən dirçəlməsini, inkişaf etməsini, camaatının xoş-firavan yaşamasını – ümumiyyətlə ölkəmizdə gedən geniş abadlıq-quruculuq işlərini gözü götürməyənlər, nankorlar yenə də fəaliyyətdədirlər. Tanrı özü onların cəzasını, bəlasını verəcəkdir.
Bu məkrli düşmənlər hər vasitəyə əl atırlar. Əllərindən bir şey gəlməyəndə isə rayonumuzun say-seçmə ziyalılarını ləkələməyə çalışır, rayon rəhbərliyi haqqında müxtəlif hədyanlar yazdırırlar.
Mən eloğlularıma üz tutub demək istyirəm. Ağdamı itirmişik, barı ağdamlılığımızı itirməyək. Ağdam camaatı heç vaxt dedi-qodu ilə məşğul olmayıb, işverənlik, satqınlıq etməyib.
Rayonumuzun yetirməsi, daima camaatın içində olan, xeyir-şərlərimizin yaraşığı, saf, sadə, qənimət ziyalılarımızdan olan Raqub müəllimin mənə elə gəlir ki, xətrini istəməyən ağdamlı tapılmaz. Bu cür insanlara böhtan atmaqdansa gəlin ona kömək edək. Əlimizdən nə gəlirsə. Onda Ağdama qovuşacağımız vaxt da daralar, öz dədə-baba torpaqlarımıza qayıdar, yenə də ağ günlərimizə qovuşarıq.

Həşim Həsənoğlu
yazıçı

Oxşar xəbərlər